Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.07.2015 15:59
  • A-
  • A
  • A+

AMEA-da keçirilmiş tədbirdə gənc alimlərin birinci Avropa Oyunlarında iştirakı müzakirə edilib

AMEA-da keçirilmiş tədbirdə gənc alimlərin birinci Avropa Oyunlarında iştirakı müzakirə edilib

İyulun 8-də AMEA-nın Əsas binasında bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının nəticələri və bu mötəbər tədbirin təşkilində AMEA gənclərinin rolundan bəhs edən tədbir keçirilib.

Tədbirdə çıxış edən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsindən danışaraq, bu əlamətdar idman tədbirinin tarixi bir hadisə olduğunu, ölkəmizin, o cümlədən milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdığını bildirib.

Şuranın sədri bu möhtəşəm idman tədbirinin çox yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın müstəsna rolunu xatırladıb.

"Bakı-2015" birinci Avropa Oyunlarında idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlərdən danışan F.Salmanov xatırladıb ki, qazanılan medalların sayına görə Azərbaycan iştirakçı ölkələr arasında ikinci yeri tutub.

Vurğulanıb ki, oyunların açılış və bağlanış mərasimlərində daha çox Azərbaycanın zəngin milli mənəvi və tarixi koloritlərindən istifadə olunması yüksək vətənpərvərlik duyğularının ifadəsidir.

Sonra Oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş AMEA-nın könüllü gənc alim və mütəxəssisləri bu möhtəşəm idman yarışında qazandıqları təcrübədən danışıb, xoş təəssüratlarını bölüşüblər.

Daha sonra AMEA-nın İqtisadiyyat İnstitutunun gənc alimi Tural Məmmədov “Birinci Avropa Oyunları və onun Azərbaycanda turizmin inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin gencalimler.az saytının və “Gənc tədqiqatçı” elmi-praktik jurnalının təqdimatı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: