Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Şahbaz  Muradovun 75 yaşı tamam olur
07.08.2015 07:28
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 75 yaşı tamam olur

Avqustun 10-da görkəmli iqtisadçı alim, İqtisadiyyat İns­ti­tu­­­­tunun şöbə müdiri, AMEA-nın müxbir üz­vü Şah­baz Muradovun 75 yaşı tamam olur. 

Şahbaz Muradov 1940-cı ildə Laçın rayonunun Xumarta kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakül­tə­si­ni fərqlənmə diplomu ilə bitirmiş, 1965-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1977-ci ildə profes­sor elmi adına layiq görülmüşdür.

1961-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliy­yətinə başlayan alim institutun böyük elmi işçisi, şöbə müdiri vəzifəsinə kimi yüksəlmişdir. 1991-1998-ci illərdə elmi işlər üzrə  direktor müavini, 1999-2008-ci illər­də isə həmin institutun direktoru vəzifəsində çalışmışdır.

Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Ş.Muradov YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” üzrə Milli Komitənin üzvü, AMEA Xəbərləri “İqtisadiyyat” seriyasının baş redaktoru, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdin­də­ki Dissertasiya Şurasının üzvüdür.

O, Azərbaycan iqtisadiyyatı sahəsində 500-ə yaxın əsər, mo­noq­­rafiya, kitab, dərslik və proqramın müəllifidir.

Görkəmli iqtisadçı alimin еlmi fəaliyyəti son dərəcə səmərəli və çox­şa­xə­lidir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli demoqraf alim kimi tanınmışdır. Keçmiş SSRİ-də və Azərbaycanda bu problemin sosial-iqtisadi və demoqrafik aspekt­lə­rinin kompleks şəkildə tədqiqi onun adı ilə bağlıdır.

Şahbaz Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli sərəncamları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999-cu il) və “Azər­baycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər); habelə “Azərbaycan Respublikasının məşğulluq Strategiyası” ( 2006-2015-ci illər) işlənib hazırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir.

İqtisadiyyat elmi üzrə yüksək­ix­tisaslı kadrların yetişdirilməsi sahəsində alimin xidmətləri əvəzsizdir. Onun rəhbər­liyi altında 90-dan artıq fəlsəfə və elm­lər doktoru dis­ser­ta­si­ya­sı müdafiə edilmişdir.

Ş.Muradovun xidmətləri dövlət tərəfindən yüksək qiy­mət­lən­­di­ril­mişdir. O, “Şöhrət” or­den­i, “Fədakar əməyə görə” Yubiley medalı, “Əmək veteranı” medalı və s. mü­kafatlara  la­­­yiq görülmüşdür.

Azərbaycanın iqtisadiyyat sahəsində tanınmış görkəmli alimini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: