Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.09.2015 13:49
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində aparılmış arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində aparılmış arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Xaraba-Gilan arxeoloji ekspedisiyasının 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində apardığı arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib.

Hesabat iclasında çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev arxeoloji ekspedisiya tərəfindən aparılan tədqiqatlarla bağlı ətraflı məlumat verib, muxtar respublikanın tarixinin öyrənilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini söyləyib. Bildirib ki, cari ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba-Gilan arxeoloji ekspedisiyası tərəfindən Plovdağ arxeoloji abidələr kompleksi (İkinci nekropolda), Dəlmə qalası və Xaraba-Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparılıb. Aparılan tədqiqatlar nəticəsində tarixi əhəmiyyət daşıyan mühüm məlumatlar əldə edilib. Akademik İ.Hacıyev arxeoloji qazıntılarda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, ikinci Plovdağ nekropolunda II və V qazıntı sahələrində tədqiqatlar davam etdirilmişdir. II qazıntı sahəsində -100 kv.m sahədə 50-70 sm orta tunc dövrü mədəni təbəqəsi altında fərdi yaşayış evi, plitə daşlardan qurulmuş dördbucaqlı uşaq qəbri və təssərrüfat quyusu aşkar edilmişdir.

B.İbrahimli qeyd edib ki, ekspedisyanın tədqiq etdiyi ikinci abidə ilk orta əsrlər dövrünə aid Dəlmə qalasıdır. Buradakı tədqiqat işləri başa çatdırılmış və qalanın qərb divarından 30 m aşağıda, qala yerləşən dağın ətəyində iki kürə tədqiq olunmuşdur.

Ekspedisiya rəhbəri tədqiq olunan üçüncü abidənin - orta əsrlərə aid Xaraba-Gilan şəhər yeri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu ərazidə müxtəlif şirli, şirsiz gil qablar, təsərrüfat küpləri və əksəriyyəti Hülakilər dövrünə aid olan mis sikkələr tapılmışdır.

İclasa yekun vuran akademik İsmayıl Hacıyev əldə olunan arxeoloji materialların Naxçıvan Muxtar Respublikasının tarixinin və etnoqrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: