Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.09.2015 12:34
  • A-
  • A
  • A+

AMEA-da magistratura təhsilinə start verildi

AMEA-da magistratura təhsilinə start verildi

Məlumdur ki, ötən ildən etibarən AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada magistratura təhsilinin təşkili istiqamətində kompleks tədbirlər görülmüş, müvafiq işlər həyata keçirilmişdir. Cari ilin fevral ayında isə AMEA-da ilk dəfə olaraq magistratura pilləsinə qəbul elan olunmuş, 7 ixtisas üzrə ümumilikdə 19 nəfər magistraturaya daxil olmuşdur.

Bu gün AMEA-nın magistratura pilləsinə daxil olan tələbələrin ilk dərs günüdür. Bu məqsədlə təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə görüşün tarixi əhəmiyyətindən söz açdı. Ölkə Prezidenti İlham Əliyevin dəstəyilə AMEA-da magistratura təhsilinin təşkilinə uğurla nail olunduğunu dilə gətirdi. Bildirdi ki, akademiyanın magistratura pilləsində təhsil alacaq tələbələrin digərlərindən fərqi ondan ibarətdir ki, burada tələbələr bakalavr təhsilindən sonra laboratoriyalarda təcrübə keçə biləcəklər. AMEA prezidenti magistratura təhsilinin gələcək illərdə AMEA-nın bütün institutlarında təşkilinin vacibliyini də önə çəkdi.

70 illik tarixə malik AMEA-nın uzun və şərəfli bir yol keçdiyini vurğulayan A.Əlizadə tələbələrə müraciət edərək onların simasında akademiyanın parlaq gələcəyinin təməlinin qoyulduğunu dilə gətirdi. Bu tələbələrin təhsillərini başa vurduqdan sonra AMEA-da öz fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları  və dünya elminə intyeqrasiyaları üçün bütün imkanların yaradılacağını dedi.

AMEA rəhbəri magistrların informatika və ingilis dili üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsil alacaqlarını qeyd edərək, bu istiqamətdə institutda müvafiq tədbirlərin, tədrislə əlaqədar hazırlıq prosesinin getdiyini  bildirdi.  

Sonda akademik A.Əlizadə magistraturada təhsil alacaq gənclərə tələbə biletləri və kompüterləri təqdim etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: