Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun  50 yaşı tamam olur
23.09.2015 18:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun 50 yaşı tamam olur

Sentyabrın 25-də tanınmış bioloq alim, Əməkdar elm xadimi, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun 50 yaşı olur.

Saleh Məhərrəmov 25 sent­yabr 1965-ci ildə Şərur rayon Alışar kən­dində anadan olmuş, 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci ildə Moskvada “Helmintosid otlaq bitkiləri və baldırğanın toksikoloji qiymətləndirilməsi” mövzusunda namizədlik, 2011-ci ildə isə AMEA-nın Zoolo­giya İnstitutunda “Naxçıvan Muxtar Respublikasında qoyunların kompleks helmintofaunasının formalaşma xüsusiyyətləri, mədə-bağırsaq nematodlarına qarşı antihelmint bitkilərin tətbiqi və onların toksikoloji qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1999-cu ildə NDU-nun Zoologiya kafedrasının müdiri, 2000-2013-cü illərdə isə həmin universitetin Təməl tibb fənləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.

Alimin apardığı tədqiqatların əsasını antihelmint təsirə malik bitki­lə­rin müəyyən edilməsi, onların səmərəli formalarının işlənib hazırlanması və toksiki xüsusiyyətlərinin araşdırılması təşkil edir. S.Məhərrəmov Naxçıvan Muxtar Respublikasında qoyunların kompleks helmintofau­na­sı­ istiqamə­tində apardığı tədqiqatlarda dağlıq, dağətəyi və düzənlik ərazilərin helmint tərkibində kəskin fərqin olmadığını müəyyən etmişdir.

Tədqiqatçı, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının komp­leks helmintofaunasını işləmiş, helmintlərin ekoloji amillərdən asılı olaraq müxtəlif zonalarda və gövşəyən heyvanlarda yayılmasını öyrənmişdir. Apardığı tədqiqatlar istiqamətində Rusiya, Ukrayna, Türkiyə və İranda keçirilmiş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

S.Məhərrəmov 76 elmi əsər, 1 monoqrafiya, bir sıra dərs vəsaiti, proqram və metodik vəsaitin müəllifidir. Onun elmi rəhbərliyi altında 5 fəlsəfə doktoru dissertasiya işi yerinə yetirilir. Volqaətrafı regionların ali müəssisələrinin biologiya elmlər seriyasından olan jurnalların redaksiya kollegiyasının üzvüdür.

Bioloq alim elmi-pedaqoji və təşkilatçılıq sahəsində xidmətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2014-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Görkəmli elm mücahidini 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: