www.science.az
30.09.2015 08:57

AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə və İtaliyada səfərdə olacaq

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-dən 12-dək İsveçrənin Luqano və İtaliyanın Milan şəhərlərində səfərdə olacaq. Məqsəd “Milan Ekspo-2015” tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə elmi-populyar konfrans təşkil etməkdir.

Nümayəndə heyətinə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev daxildirlər. Tədbirdə AMEA rəhbərinin akademiyanın 70 illik yubileyinə həsr olunmuş “Food-Life-Science” adlı təqdimatla çıxışı nəzərdə tutulub.

Akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Luqano meriyasının dəvəti ilə adıçəkilən şəhərdə keçiriləcək konfransda da iştirak edəcək. Konfransda akademik Rasim Əliquliyev “Neft strategiyasından İKT strategiyasına: nailiyyətlər və perspektivlər” və g.-m.e.d. Adil Əliyev “Azərbaycanda palçıq vulkanları fenomeni” adlı məruzələrlə çıxış edəcəklər.

Bu il mayın 1-də açılan və 145 ölkənin qatıldığı beynəlxalq sərgidə Azərbaycanın pavilyonu 1800 kvadrat metr sahəni əhatə edir. Milli pavilyonumuzda Azərbaycan simaları, elmi nailiyyətlər, bölgə mətbəxləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət və digər mövzulardan bəhs edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir