Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
05.10.2015 11:04
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən biri, Əməkdar Elm Xadimi, “Şərəf” və “Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü Nadir Seyidov oktyabrın 5-də ömrünün 84-cü ilində vəfat edib.

Nadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Alim 350-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 16 xarici patentin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülüb. Alimin 130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunub və mütəxəssislər tərəfindən yüksək diqqətlə qarşılanıb.

Akademik Nadir Seyidov səmərəli elmi yaradıcılıqla yanaşı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq kimya elmləri sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr verib. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi alıb. Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.

Alimin məhsuldar elmi və pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar Elm Xadimi” adına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə, həmçinin “Amerika Şərəf medalı” ilə təltif edilib. N.Seyidov elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin edilmişdi.

Tanınmış kimyaçı alim və səmimi insan Nadir Seyidovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Görkəmli alimlə vida mərasimi oktyabrın 6-da saat 13:00-da AMEA-nın Əsas binasında keçiriləcək.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: