Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin 95 illiyi qeyd ediləcək
07.10.2015 09:06
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin 95 illiyi qeyd ediləcək

2015-ci ilin oktyabrında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 95 yaşı qeyd ediləcək. İlk addımlarını “Doğma diyarın tədris muzeyi” kimi atmağa başlayan muzeyin bu adına az sonra Azərbaycan Cümhuriyyətinin Parlamentinin ildönümü münasibətilə 1919-cu ildə açılmış, lakin fəaliyyət göstərməyə macal tapa bilməmiş “İstiqlal” muzeyinin varisi kimi “İstiqlal” adı da əlavə olunur. 1920-ci ilin oktyabr ayının 25-də muzeyin statusu genişləndirilmiş, Xalq Maarif Komissarlığının (XMK) sərəncamı ilə ona “Azərbaycan SSR Dövlət Muzeyi” adı verilmişdir.

Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə başlayan bu ilk dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Bu kolleksiya ziyarətçiyə və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir.

Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı, özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını - onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyavi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir.

Muzeydə hazırda 11 fondla yanaşı, 6 elmi şöbə, o cümlədən, arxeologiya, etnoqrafiya və numizmatika elmi-fond şöbələri, bərpa laboratoriyası və kitabxana fəaliyyət göstərir.

Milli Azərbaycan Tarixi Muzeyinin 95 və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı muzey tərəfindən Azərbaycan, rus və ingilis dillərində “Milli Azərbayan Tarixi Muzeyi – 95” kitabı hazırlanıb. Kitabda muzeyin tarixi, 95 il ərzində keçdiyi şərəfli yol, burada çalışmış görkəmli mütəxəssislər, muzeyin daimi və müvəqqəti ekspozisiyaları barədə məlumat yer alıb. Nəşrin tərtibatçısı və mətninin müəllifi muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin 95 illiyi ilə bağlı bu müəssisədə təntənəli tədbirin keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: