Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2015 09:42
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda latviyalı ekspertlərlə birgə qanun layihələri ətrafında müzakirələr aparılıb

İqtisadiyyat İnstitutunda latviyalı ekspertlərlə birgə qanun layihələri ətrafında müzakirələr aparılıb

Oktyabrın 8-də AMEA İqtisadiyyat İnstitutunda “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” tvinninq layihəsi çərçivəsində hazırlanmış qanun layihələrinin müzakirəsi keçirilib.

Tədbirdə Latviyadan olan beynəlxalq ekspert qrupu, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu (DSMF), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) açaraq, hazırlanmış “Əmək pensiyasının yığım hissəsi haqqında”  və “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihələrinin əhəmiyyətini qeyd edib. Bildirib ki, hazırlanmış layihələr artıq bir neçə qurum və institutda müzakirə olunub.

Sonra Latviyadan olan ekspertlər – Latviya tərəfindən Tvinninq layihəsinin rezident məsləhətçisi Aqrita Qroza, Latviya Rifah Nazirliyinin sosial sığorta şöbəsinin müdiri Yana Müjnike, həmin nazirliyin eksperti, SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru Datse Brencena, Maliyyə və Kapital Bazarı Komissiyasının Pensiya və İnvestisiya Fondları sektorunun müdiri Yeva Ose, Latviya Rifah Nazirliyinin nümayəndəsi, qanun layihələrinin hazırlanması üzrə məsul şəxs Harijs Svarcs, Tvinninq layihəsinin rezident məsləhətçisinin köməkçisi Rafiks Misirovs qanun layihələri ilə bağlı ətraflı məlumat veriblər. 

Layihələrdə DSMF-yə əlavə funksiyaların verilməsi və daha çox inzibati yığımla məşğul olması nəzərdə tutulur. Əsas diqqət isə Azərbaycanda qeyri-dövlət pensiya fondlarının formalaşdırılmasına yönəldilib.

Qeyd edilib ki, ölkədə bir neçə özəl pensiya fondu yaradıla bilər. Onlar DSMF ilə müqavilə bağlayacaq, rübdə bir dəfə bu quruma məlumat verəcəklər. Həmin fondların depozitləri isə seçiləcək bankda yerləşdiriləcək. Qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə müəyyən vergi güzəştlərinin tədbiq olunduğu da diqqətə çatdırılıb.

Həmçinin layihələrin hazırlanmasında Almaniya və Latviyanın təcrübəsindən istifadə olunduğu qeyd edilib. Bildirilib ki, Latviya bu sahədə dünya reytinqində 9-cu yerdədir.

Tədbirdə xarici ekspertlər qeyri-dövlət pensiya fondlarına marağın formalaşdırılması, bu cür fondlar arasında rəqabət mühitinin yaradılması, onlara vergi güzəştlərinin verilməsi, siğortaçının təqaüdə çıxdıqda alacağı pensiyanın məbləği, fondlara yığımın təşkili və vəsaitlərin idarəolunması, böhran şəraitində pensiya fondlarının fəaliyyəti və s. məsələlərlə bağlı müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: