Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin əlyazmasının surəti əldə edilib
23.10.2015 09:35
  • A-
  • A
  • A+

Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin əlyazmasının surəti əldə edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu böyük Azərbaycan alimi Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin Paris Milli Kitabxanasında saxlanan əlyazmasının surətini əldə edib.

Məlumdur ki, bu əsər XIII əsrdə Marağa rəsədxanasında tərtib olunmuş səma cismləri kataloqudur. Bundan başqa, burada dünyanın müxtəlif xalqlarının təqvimləri barədə geniş elmi məlumat verilib. Əsərin bir nüsxəsi də Əlyazmalar İnstitutunda saxlanılır.

“Zici-Elxani”nin Paris Milli Kitabxanasında saxlanan 126 vərəqdən ibarət nüsxəsinin bir sıra vərəqləri pərakəndədir, vaxtı ilə düzgün səhifələnməmişdir. Tarixi qeyd olunmasa da, nüsxənin XV əsrdə köçürüldüyünü söyləmək olar. Əlyazmanın 3-cü vərəqində onun sahibi olmuş Şeyx Məhəmməd İbrahimin qeydi vardır. Həmin vərəqdə nüsxənin Xacə Əsirəddin ibn Xacə Nəsirəddin tərəfindən köçürüldüyü qeyd olunub. Əsər müqəddimə və dörd məqalədən ibarətdir. Hər məqalə bir neçə babdan ibarətdir.

Orta əsr astronomiya elminin inkişafında böyük rol oynamış bu əsərin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan nüsxəsi 1404-cü ildə köçürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: