Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2015 15:47
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Humanitar Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) növbəti büro iclası keçirilib.

Tədbiri giriş sözü ilə HEB-in akademik-katibi, akademik Teymur Kərimli açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib. O, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin AMEA-nın Qərarı ilə HEB-in Büro üzvlüyünə seçildiyini bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. 

Akademik T.Kərimli Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin Rəyasət Heyətinin 23 sentyabr 2015-ci il tarixli qərarına əsasən 50 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edildiyini bildirib və  mükafatı alimə təqdim edib.

İclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. AMEA-nın elmi müəssisələri tərəfindən doktoranturaya qəbul və doktorluq imtahanları üçün müvafiq ixtisas fənləri üzrə tərtib olunmuş test suallarının təhlil edilməsi məqsədilə Rəyasət Heyətinin nəzdində Ekspert komissiyasının  yaradıldığını xatırladan Teymur Kərimli bölməyə daxil olan elmi tədqiqat müəssisələrində bu məsələnin icra vəziyyəti barədə danışıb. Bildirib ki, bölmənin elmi müəssisələri tərəfindən test tapşırıqları hazırlanıb və Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun sədrliyi ilə HEB-in tərkibində yaradılmış  Ekspert Komissiyasının 15 oktyabr 2015-ci il tarixli iclasında geniş müzakirə olunub. İclasda, həmçinin qəbul imtahanından əvvəl treninqlərin keçirilməsi təklifi irəli sürülüb.   

Tədbirdə Dilçilik İnstitutunun Terminologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış "İzahlı dilçilik terminləri" lüğətinin çapa təqdim edilməsi məsələsi də müzakirə edilib.

İclasda akademik Kamal Abdullayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılması ilə bağlı Sərəncamını və bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanmış Tədbirlər Planının icrası ilə bağlı məsələləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. Akademik ölkə Prezidentinin qaldırdığı bu məsələnin Türkiyədə də əks səda doğurduğunu və Dədə Qorqudla bağlı Türkiyədə silsilə tədbirlərin keçirildiyini bildirib. Alim keçiriləcək tədbirlərdə nəinki humanitar və ictimai elmlərin, hətta fizika, kimya, yer elmləri və s. sahələr üzrə mütəxəssislərin də cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.       

Daha sonra akademik Teymur Kərimli AMEA-nın 70 illik yubiley tədbiri çərçivəsində təşkil olunacaq sərgi barədə məlumat verib.

Sərgi ilə bağlı çıxış edən AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva  AMEA-nın 70 illiyinə həsr olunan sərginin noyabrın 2-də açılacağını bildirib. O, sərginin Akademiyanın əsas binasında təşkil olunacağını, 370 kv.metr sahəni əhatə etdiyini və 41 pavilyondan ibarət olduğunu diqqətə çatdırıb. Bildirib ki, sərgiyə hazırlıq işləri artıq başa çatdırılıb.       

Sonda bir sıra kadr məsələləri müzakirə olunub.

Tədbirdə HEB-in büro üzvləri, institut və elmi təşkilatlarının rəhbərləri, test tapşırıqlarının hazırlanması üzrə məsul şəxslər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

         

  • Paylaş: