Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alimlər Dünya Genbanklarının illik müşavirəsində iştirak ediblər
29.10.2015 12:55
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Dünya Genbanklarının illik müşavirəsində iştirak ediblər

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov 18-23 oktyabr 2015-ci il tarixlərində Türkiyədə elmi ezamiyyətdə olublar. Onlar Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu (Trust-Fund), Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrup (CGİAR) və Kyu Botanika Bağları Birliyinin təşkilatçılığı ilə İzmir şəhərində keçirilən Dünya Genbanklarının illik müşavirəsində və Mədəni Bitkilərin Yabanı Əcdadları üzrə Beynəlxalq Layihələr toplantısında “Azərbaycanın bitki genetik ehtiyatı və onun idarə olunması” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirdə genbankların gələcək fəaliyyəti geniş müzakirə olunub və bitki genetik ehtiyatlarının kompleks qiymətləndirilməsi, özək kolleksiyaların yaradılması, onların molekulyar marker və sekvens texnologiyaları ilə genotipləşdirilməsinin zəruruliyi vurğulanıb. Beynəlxalq Çəltik Tədqiqatları İnstitutu (İRRİ), Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz (CIMMYT) və Beynəlxalq Kartof Tədqiqatları Mərkəzində (CİP) genbank nümunələrinin marker və sekvens üsulu ilə genotipləşdirilməsi, seçilmiş bitkilərdə tam genom analizi mövzularında elmi məruzələr dinlənilib və bu tip tədqiqatların milli genbanklarda da aparılması tövsiyə edilib. Həmçinin ABŞ-ın Kornell, Koliforniya Dövlət Universitetlərinin əməkdaşları genomun oxunması sahəsində aparılan  fundamental tədqiqatlar haqqında elmi məruzələrlə çıxış ediblər. Ümumi müzakirələr zamanı bildirilib ki, genom səviyyəsində aparılan tədqiqatlar genbank nümunələri haqqında daha dolğun informasiya verməklə məhsuldar və davamlı sortların yaradılması işini sürətləndirəcək və dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. 

Tədbirdə Azərbaycanın bu istiqamətdə tədqiqatlara bir neçə il əvvəl başlaması, xüsusilə Yeni Nəsil Sekvenserləri və digər müasir avadanlıqlarla təchiz edilmiş “Biotexnologiya” şöbəsinin, “Virusologiya” laboratoriyasının yaradılması və yüksəkixtisaslı gənc kadrların hazırlanması yüksək qiymətləndirilib. Tədbir çərçivəsində ABŞ, İtaliya və Türkiyənin elmi tədqiqat institutları və universitetləri, o cümlədən Trust-Fund, ICARDA və CIMMYT-in alimləri ilə yeni nəsil sekvenser və marker texnologiyalarından istifadə etməklə birgə tədqiqatların aparılması və əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: