Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycanın elm məbədi” sənədli filminin çəkilişi başa çatıb
02.11.2015 13:12
  • A-
  • A
  • A+

“Azərbaycanın elm məbədi” sənədli filminin çəkilişi başa çatıb

AMEA Rəyasət Heyətinin qərarı ilə ali akademik  qurumun 70 illik  inkişaf yoluna həsr edilmiş sənədli film  hazırlanır. Bununla əlaqədar olaraq ssenari mətni yazılıb müzakirə olunduqdan sonra Bakıda Dövlət foto-kino sənədləri arxivində, Cəfər Cabbarlı adına Azərbaycanfilm İstehsalat Birliyinin, Əlyazmalar İnstitutunun, televiziya şirkətlərinin arxivlərində axtarışlar aparılıb, nadir lentlər və fotolar əldə olunub. AMEA-nın ölkəmizin paytaxtında fəaliyyət göstərən elmi-tədqiqat institutlarında və regionlarda yerləşən Naxçıvan Bölməsində, Şəki Regional Elmi Mərkəzində, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında müvafiq çəkilişlər aparılıb. Yaradıcı heyət Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Sankt-Peterburq Bölməsinin rəhbəri, Nobel mükafatı laureatı Jores Alfyorovdan, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Boris Patondan, digər görkəmli elm xadimlərindən və gənc alimlərdən müsahibələr alıb.

“Salnamə” studiyasında çəkilmiş filmin elmi məsləhətçisi AMEA prezidenti, akademik Akif Əlizadə, ssenari müəllifi və yaradıcı heyətin rəhbəri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Həmçinin işçi qrupuna AMEA-nın bir neçə əməkdaşı və “Salnamə” studiyasının işçiləri daxildir. Filmin musiqi tərtibatçısı gənc bəstəkar Azər Əsgərovdur.

“Azərbaycanın elm məbədi” filmində AMEA-nın ayrı-ayrı  tarixi inkişaf mərhələlərində Akademiyaya dövlət qayğısından, görkəmli simalarının xidmətlərindən, Azərbaycan cəmiyyətindəki yeri və mövqeyindən geniş bəhs olunur.

Artıq “Azərbaycanın elm məbədi” filmi üzərində yaradıcılıq və montaj işləri başa çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: