Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Təcrübə-Sənaye Zavodu AMEA-nın yeni hədəflərində
03.11.2015 12:44
  • A-
  • A
  • A+

Təcrübə-Sənaye Zavodu AMEA-nın yeni hədəflərində

Son illərdə elmə olan tələbin artması və bilik iqtisadiyyatının qurulması istiqamətində dövlət siyasətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) öz töhfəsini daha da artırmaq üçün səylərini gücləndirməkdədir. Respulikamızın inkişafı üçün strateji baxış olan “Azərbaycan 2020: Gələcəyə Baxış” sənədində hədəf qoyulan bilik iqtisadiyyatının qurulması üçün AMEA-da kompleks tədbirlər və islahatlar aparılır. Müxtəlif dövlət proqramlarının icrasındakı iştirakı ilə yanaşı, Akademiyada innovativ elmi-tədqiqat işlərinin nəticələrinin sənayeyə tətbiqi mexanizmləri qurulur, sənaye ilə əlaqələr genişləndirilir və bu istiqamətdə beynəlxalq təcrübələrin mənimsənilməsi davam etdirilir. Daha bir mühüm amil kimi AMEA-nın nəzdində fəaliyyət göstərən Təcrübə-Sənaye Zavodu (TSZ) xüsusilə diqqət çəkir.

TSZ AMEA-nın elmi-texniki  bazası olmaqla bir sıra elmi-tədqiqat institutlarının alimlərinə məxsus mütərəqqi elmi işləmələrin sınaqdan keçirilməsi və istehsalata tətbiqi işləri ilə məşğul olmuşdur. Belə ki, respublikada fəaliyyət göstərən iri neftayırma zavodlarında tətbiq olunmuş neftin emalı ilə əlaqədar demək olar ki, bütün yeni texnoloji proseslər əvvəlcə TSZ-nin pilot və təcrübə-sənaye qurğularında sınaqdan keçirilmişdir. Fəaliyyəti müddətində TSZ-də AMEA-nın elmi-tədqiqat institutlarına məxsus onlarla yeni texnoloji proseslər sınaqdan keçirilmiş və sənaye miqyasında tətbiq olunması üçün hazır vəziyyətə gətirilmişdir.

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə bir çox müəssisələrlə illər ərzində yaranmış iqtisadi əlaqələrin itirilməsi nəticəsində ağır maliyyə vəziyyətinə düşmüş TSZ-nin elmi-texniki və istehsal potensialı getdikcə zəifləməyə başlamışdır və bu proses son illərə qədər davam edirdi. Belə bir vəziyyətdə AMEA Rəyasət Heyətinin qərarı ilə TSZ-nin AMEA Rəyasət Heyətinin tabeçiliyinə verilməsi onun fəaliyyətində əsaslı dönüş yaratdı. 2014-2015-ci illərdə AMEA rəhbərliyinin dəstəyi və diqqəti sayəsində, təsərrüfat hesabla fəaliyyət göstərən zavod yeni inkişaf yoluna qədəm qoydu və nəticədə zavodda elmi-tədqiqat və təcrübə-sınaq işləri ilə yanaşı, bu işlərin nəticəsi kimi, ölkə iqtisadiyyatında tələbat duyulan, başqa müəssisələr tərəfindən istehsal edilməyən rəqabətə davamlı, müxtəlif təyinatlı yağlar və sürtkü materiallarının istehsalına başlanıldı.Eyni zamanda zavodun istehsal-texnoloji sahələrində geniş miqyaslı yenidənqurma və bərpa işləri aparılır. Belə ki, zavod üçün perspektivli sayılan məhsulların istehsalını daha səmərəli təşkil etmək məqsədilə sexlərin funksiyalarının və texnoloji avadanlıqların bərpası və təkmilləşdirilməsi işləri aparılır, bəzi yeni avadanlıqlar və cihazlar alınmış, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsi davam edir.Hazırda bu məhsulların keyfiyyət göstəricilərinin müvafiq normativ-texniki sənədlərin tələblərinə tam cavab verməsi və onlara tətbiq olunan qiymətlərin ilk növbədə alıcıların maraqlarına uyğun olması istiqamətində ciddi texniki-texnoloji və təşkilati işlər həyata keçirilir.

Gələcək məqsədlərimizə nail olmaq üçün, AMEA Təcrübə-Sənaye Zavodunun bazasında müasir elm və texnologiya mərkəzi kimi bir çox yeni, innovativ və rəqabətqabiliyyətli məhsulların hazırlanması və sənayeyə tətbiqi üzrə işlər daha da sürətlə genişləndiriləcəkdir.

AMEA İşlər idarəsinin müdiri, s.e.f.d. Fətəli Abdullayev

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: