Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.11.2015 16:41
  • A-
  • A
  • A+

“Azərbaycanda arxeoloji tədqiqatlar: 2013-2014” kitabının təqdimatı keçirilib

“Azərbaycanda arxeoloji tədqiqatlar: 2013-2014” kitabının təqdimatı keçirilib

Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr edilmiş “Azərbaycanda arxeoloji tədqiqatlar: 2013-2014” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova ölkə rəhbərliyinin arxeologiya elminə göstərdiyi diqqət və qayğıdan, 2013-2014-cü illərdə respublika ərazisində institutun ekspedisiyalarının apardığı qazıntılar və bu tədqiqatların qədim tariximizin öyrənilməsində əhəmiyyətindən danışıb. 

Bildirilib ki, 2008-ci ildən başlayaraq ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Prezidentin Ehtiyat Fondundan arxeoloji və etnoqrafik tədqiqatlara ayrıca maliyyə dəstəyi, Göytəpə (Tovuz) və Muğan-Babazanlı arxeoparklarının yaradılması barədə sərəncamlar arxeoloji və etnoqrafik tədqiqatlara dövlət qayğısının bariz göstəricisidir.

ABŞ, Fransa, Almaniya, Rusiya, Yaponiya, Koreya, İtaliya və s. ölkələrin mütəxəssisləri ilə təşkil edilən birgə beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyətindən danışan M.Rəhimova qeyd edilmiş qabaqcıl dövlətlərdə mütəmadi keçirilən beynəlxalq elmi konfranslarda arxeoloq və etnoqraflarımızın fəal iştirak etdiyini bildirib.

M.Rəhimova vurğulayıb ki, son dövrlərdə Azərbaycan arxeoloq və etnoqraflarının uğurlu tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyi üçün layiqli töhfə sayılmalıdır. Bu kontekstdə institut tərəfindən AMEA-nın 70 illik yubileyi münasibətilə yeni nəşr edilmiş “Azərbaycanda arxeoloji tədqiqatlar: 2013-2014” məqalələr toplusu tədbir iştirakçılarına təqdim edilib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan arxeologiya və etnoqrafiyası xalqımızın  qədim tarixini, maddi və mənəvi mədəniyyətini tədqiq edən, prioritet elm sahələrindən biridir. Azərbaycan dövləti də daim milli arxeologiya və etnoqrafiyamıza diqqət və qayğısını əsirgəməmişdir.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov öz çıxışında xalqımızın maddi və mənəvi sərvətlərinin bəzi bədxah əcnəbi qüvvələr tərəfindən əsassız mənimsənilməsinə qarşı Azərbaycan arxeoloqları və etnoqraflarının elm müstəvisində layiqli mübarizəsindən danışıb.

Təqdimat mərasimində çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova AMEA-nın 70 illik yubileyini elmdəki uğurları əsasında layiqlə qarşılayan elm ocaqları arasında Arxeologiya və Etnoqrafiya İnstitutunun önəmli yer tutduğunu bildirib.  

Tədbir çərçivəsində Azərbaycan arxeoloqlarının son dövrlərdə respublika ərazisində apardığı elmi tədqiqatları əks etdirən virtual görüntülər nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: