Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2015 14:52
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyi münasibətilə mətbuat konfransı keçirildi

AMEA-nın 70 illik yubileyi münasibətilə mətbuat konfransı keçirildi

Akademiyanın yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir

Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu gün AMEA Rəyasət Heyətində Akademiyanın 70 illik yubileyi münasibətilə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı səsləndirdi. AMEA-nın vitse-prezidentləri, elmi bölmələrin akademik-katibləri, o cümlədən KİV nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi yubiley ilə bağlı Akademiyada görülən tədbirlər və həyata keçirilən layihələr haqqında məlumat vermək idi.

AMEA rəhbəri öncə Dövlət başçısı İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında" 14 mart 2014-cü il tarixli Sərəncamını xatırlatdı. Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında Akademiyanın müstəsna rolundan söz açdı. 70 il ərzində Akademiyanın Azərbaycan elminə mühüm töhvələr verdiyini, beynəlxalq elm aləminə uğurla inteqrasiya etdiyini qeyd etdi.

A.Əlizadə Ölkə Prezidenti İlham Əliyevin 5 noyabr 2015-ci il tarixdə AMEA-nın bir qrup əməkdaşının dövlət mükafatı və fəxri adlarla təltif edilməsinə dair imzaladığı Sərəncamı xatırladaraq, bu addımın Azərbaycan elminə böyük diqqət və qayğının nəticəsi olduğunu dilə gətirdi.

“Akademiyanın yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir” deyə bilidrən AMEA rəhbəri Akademiyanın ölkəmizin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak etdiyini vurğuladı.

Sonra akademik yubiley tədbiri ilə bağlı görülən işlərdən danışdı. Bildirdi ki, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın yarandığı vaxtdan bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olmuş alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən "AMEA-nın simaları" adlı kitab nəşr olunub. Yubiley ərəfəsində işıq üzü görən və geniş oxucu auditoriyasının diqqətini cəlb edən bu kitab elmi ictimaiyyətə böyük töhfə kimi olduqca əhəmiyyətlidir. Kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-halı fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur.

Akif Əlizadə, həmçinin yubiley münasibətilə Akademiyanın təsisçiləri haqqında bioqrafik məlumatı əks etdirən kitabın, AMEA haqqında bələdçi kitabının və bukletlərin nəşr olunduğunu diqqətə çatdırdı.

Akademik AMEA-nın 70 illik yubileyi ilə əlaqədar çəkilmiş “Azərbaycanın elm məbədi” adlı sənədli filmi haqqında danışdı. Filmdə AMEA-nın ayrı-ayrı tarixi inkişaf mərhələlərində Akademiyaya dövlət qayğısından, görkəmli simaların xidmətlərindən, Azərbaycan cəmiyyətindəki yeri və mövqeyindən geniş bəhs olunduğunu dedi.

Akademik AMEA-nın institut və təşkilatlarının 70 illik yubileyə qədər hazırlıq işləri və yubiley ərəfəsində həyata keçirdiyi tədbirlərdən də danışdı. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarının tarixinə və fəaliyyətinə dair 3 dildə bukletlər, yubileyə həsr olunmuş video çarxlar, AMEA-nın yubiley nəşrləri üçün müəssisələrin ən mühüm elmi nəticələri barədə materiallar hazırlanıb. Yubiley ilə bağlı AMEA-nın institut və təşkilatlarının əldə etdikləri nailiyyətlər haqqında televiziya verilişləri hazırlanıb, qazetlərdə məqalələr çap olunub.

Sonda akademik Akif Əlizadə KİV nümayəndələrinin suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: