Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiyada elmi ezamiyyətdə olub
20.11.2015 11:11
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiyada elmi ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi  işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 10-13 noyabr  tarixlərində Rusiyanın Voronej Dövlət Universitetində keçirilən “Kondensə olunmuş mühitlərdə və faza sərhədlərində  fiziki-kimyəvi  proseslər” adlı VII Ümumrusiya elmi konfransında iştirak edib.

Konfransın plenar iclasında M.Babanlı "Metal xalkogenidləri əsasında topoloji izolyatorların sintezinin fiziki-kimyəvi aspektləri"  mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın kimyaçı alimlərinin yeni nəsil funksional qeyri-üzvi materialların alınması və tədqiqi sahəsində son beş ildə əldə etdiyi nailiyyətlər öz əksini tapıb. Bildirilib ki, bu istiqamətdə tədqiqatlar multidissiplinar xarakterlidir və  dünyanın bir sıra ölkələrinin (İspaniya, Almaniya, Fransa, İtaliya, İsveçrə, Yaponiya, Rusiya və s.) aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Tədqiqatların nəticələri yüksək impakt faktorlu  beynəlxalq jurnallarda (Nature Communications, Physical Review Letters, Physical Review B, Journal of Physical Chemistry, Journal of Alloys and Compounds və s.) 20-dən artıq məqalədə çap olunub.

Səfər çərçivəsində, həmçinin AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Voronej Dövlət Universitetinin kimya fakültəsi arasında əməkdaşlıq  perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: