Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2015 13:20
  • A-
  • A
  • A+

Akademik Mikayıl Useynovun 110 illik yubileyi AMEA-da qeyd edildi

Akademik Mikayıl Useynovun 110 illik yubileyi AMEA-da qeyd edildi

Noyabrın 25-də AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Useynovun 110 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə görkəmli memarın zəngin fəaliyyətindən, Azərbaycanın milli memarlıq sənətinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Mikayıl Useynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirmiş və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaratmışdır. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri vardır. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur.

Akademik A.Əlizadə tədbirin Prezident İlham Əliyevin “Akademik Mikayıl Useynovun 110 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 1 iyun tarixli Sərəncamına əsasən keçirildiyini söylədi. Bildirdi ki, dünya şöhrətli memarın yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkə Prezidentinin elm xadimlərimizə və Azərbaycanın memarlıq sənətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sonra çıxış edən Azərbaycan Respublikası Memarlıq İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə XX əsr Azərbaycan memarlığının ən parlaq simalarından olan akademik Mikayıl Useynovun müasir Azərbaycan memarlıq sənətində yeni səhifə açdığını bildirdi. M.Hüseynovun əsərlərində heç bir əcnəbi tarixi memarlığa aid elementin mövcud olmadığını söyləyən Elbay Qasımzadə qeyd etdi ki, alim ən parlaq əsərlərində Azərbaycan memarlıq tarixi irsindən böyük məharətlə istifadə etmişdir. Zəngin yaradıcılığı ilə Azərbaycan elminə böyük töhfələr vermiş akademik 200-dən çox tikilmiş əsərin müəllifidir.

Bildirildi ki, akademik M.Useynov həm də böyük ictimai xadim olmuşdur. O, SSRİ məkanında Sosialist Əməyi Qəhrəmanı olan yeganə azərbaycanlı memar idi. SSRİ-də ilk dəfə təsis olunmuş Xalq Memarı adına layiq görülmüşdür.

Görkəmli memar Mikayıl Useynovun elmi fəaliyyətinin böyük bir tədqiqat mövzusu olduğunu söyləyən E.Qasımzadə vurğuladı ki, onun yaradıcılığı Azərbaycan memarlıq tarixində daim yaşamalı, gənc memarlar üçün örnək olmalıdır. Memarlıq təhsilində alimin yaradıcılığı barədə daha geniş məlumat verilməlidir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov dünya şöhrətli memar, akademik M.Useynovun Azərbaycan memarlığının inkişafındakı xidmətlərindən danışdı.

Sonda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Akademik M.Useynov və Azərbaycanda sənətşünaslıq məktəbi”, memarlıq üzrə elmlər doktoru Rayihə Əmənzadənin “Akademik M.Useynovun yaradıcılıq yolunun mərhələləri”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Bayramovun “M.Useynovun tikililəri – memarlıq abidələridir”, memarlıq üzrə fəlsəfə doktoru Mehriban Mikayılovanın “1960-1980-cı illərdə M.Useynovun yaradıcılığı” mövzusunda məruzələri dinlənildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: