Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa ilə əməkdaşlığı genişləndirir
04.12.2015 15:12
  • A-
  • A
  • A+

AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa ilə əməkdaşlığı genişləndirir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti noyabr ayının sonunda Lüksemburqda keçirilən bir sıra beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdirləri - texnika üzrə elmlər doktoru Ramiz Əliquliyev və texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev GEANT Assosiasiyasının Baş Assambleyasında, EaPConnect layihəsinin iclaslarında və Avropada Elektron Elm İnfrastrukturları Qrupunun (e-IRG: Electronic Research Infrastructures Reflection Group) işçi seminarında iştirak ediblər. Bütün tədbirlər Lüksemburq Milli Elm və Təhsil Şəbəkəsinin dəvəti ilə, Lüxemburq Universitetinin yeni şəhərciyində keçirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti superkomyutinq sahəsi ilə bağlı yenilikləri işıqlandıran Primeur jurnalına Azərbaycanda elektron elmin müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı geniş müsahibə verib.

 EaPConnect layihəsi

EaPConnect layihəsinin iclaslarında Şərq tərəfdaşlığı ölkələrin, o cümlədən Azərbaycanın GEANT şəbəkəsinə qoşulması ilə bağlı məsələlər müzakirə edilmiş, EaPConnect şəbəkəsinin yaradılması ilə bağlı aparılan işlərin 2016-cı ilin əvvəlində tamamlanmasına qərar verilmişdir. AzScienceNet əməkdaşlarının yeni yaradılacaq şəbəkənin idarə olunmasında aktiv iştirak edəcəyi nəzərə alınaraq onların GEANT tərəfindən keçiriləcək təlimlərə qoşulması qərarlaşdırılmışdır. İclaslarda həmçinin Polşa, Niderland və Litvanın elm və təhsil şəbəkələri sahəsindəki uğurları, təcrübəsi və planları təqdim olunmuşdur.

 GEANT Baş Assambleyası

GEANT Baş Assambleyasının iclaslarında GEANT prezidenti və direktorlar şurasının tərkibinin müəyyənləşdirilməsi üçün seçki keçirilmiş, yeni texniki proqram qəbul edilmiş və Ukrayna Milli Elm və Təhsil Şəbəkəsi (URAN) GEANT-a üzv qəbul edilmişdir. GEANT Assosiasiyasına prezident üçün keçirilən seçkidə qalib gələn Christian Grimm sabiq prezident Pierre Bruyèrieni əvəz edəcək. Dorte Olesen, Sabine Jaume-Rajaonia, Ivan Marić, Alberto Pérez, Marko Bonač, Raimundas Tuminauskas, Erik Huizer və Valter Nordh isə assosiasiyanın yeni idarəetmə şurasına seçilmişdir.

 e-IRG: Avropada Elektron Elm İnfrastrukturları Qrupu

Avropada Elektron Elm İnfrastrukturları Qrupunun (e-IRG) təşkilatçıığı ilə keçirilən işçi seminarda elm və təhsil üçün avropanın elektron infrastukturlarının birgə istifadəsi məsələləri müzakirə olunmuşdur. Burada elm üçün nəzərdə tutulmuş bütün İKT resurslarının, o cümlədən şəbəkə resurslarının, verilənlər bazalarının, data mərkəzlərin, həmçinin yeni proqram təminatlarının Avropa üzrə birgə istifadəsi üçün yeni yanaşmalar təklif olunmuşdur. Seminar çərçivəsində Horizon2020 proqramında elektron infrastrukturlar üzrə 2016-cı ilin proqramı, böyük verilənlərin emalını tələb edən tədqiqatlara dəstək, açıq elm buludları (Open Science Cloud) və elektron resurlardan istifadə siyasəti kimi aktual məsələlər ətrafında müzakirələr aparılmışdır. Bununla yanaşı, Birləşmiş Krallığın və Çex Respublikasının milli elm və təhsil şəbəkələrinin (JANET and CESNET) son nailiyyətləri təqdim olunmuş və təcrübə mübadiləsi aparılmışdır.

Qeyd etmək lazımdır ki, Avropada Elektron Elm İnfrastrukturları Qrupunu(e-IRG) Avropa Komissiyasının və üzv ölkələrin rəsmi nümayəndələrindən təşkil olunmuş müstəqil qurumdur. e-IRG 2003-cü ildən etibarən Avropada elm və təhsil məqsədli elektron infrastrukturların inkişafı üçün strateji məsələləri müzakirə edir, Avropa Komissiyası və üzv ölkələr üçün prioritetləri müəyyənləşdirir, təkliflər və birgə yol xəritələri hazırlayır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

  • Paylaş: