Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.12.2015 09:43
  • A-
  • A
  • A+

AMEA Avropa Komissiyasının “Erasmus Plus” proqramında fəal iştirak edir

AMEA Avropa Komissiyasının “Erasmus Plus” proqramında fəal iştirak edir

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov Fransanın Monpelye şəhərində Avropa Komissiyasının “Erasmus Plus” proqramı çərçivəsində “Nizami” layihəsi üzrə keçirilən ilkin görüşlərdə iştirak edirlər.

Monpelye Universitetinin koordinator olduğu layihədə Azərbaycan tərəfdən Təhsil Nazirliyi, AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti, Avropa ölkələrindən isə Fransanın Monpelye, İsveçin Uppsala, Almaniyanın Heydelberq, Çexiyanın Mazarıkova, İspaniyanın Barselona və Türkiyənin Fatih Universitetləri iştirak edirlər.

Layihənin məqsədi Azərbaycanda doktorantura təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və qarşılıqlı tədqiq edilməsidir. Üç il davam edəcək layihədə tərəfdaş qurumlar birgə iş aparacaq, ölkəmizin Avropa təhsil siteminə inteqrasiyasını təşkil edəcəklər.

Dekabrın 7-də keçirilən ilk görüşdə AMEA-nın ümumi strukturu,  elmi-innovativ fəaliyyəti, beynəlxalq əlaqələrinə dair geniş təqdimatla çıxış edən Beynəlxalq əlaqələr idarəsinin rəisi, dosent Qulam Babayev son illər AMEA-da doktorantura təhsil sistemində aparılan məqsədyönlü islahatlardan danışıb. Bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdıran  Qulam Babayev bütün bunların yüksəkixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildirib. Sözügedən layihənin Azərbaycan doktorantura təhsil sisteminə töhfə verəcəyini söyləyən Q.Babayev Avropanın aparıcı universitetlərinin bu layihədə iştirakının birgə təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradacağını qeyd edib.

Dekabrın 10-da AMEA nümayəndələrinin Parisdə Fransa Elmlər Akademiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbərliyi ilə görüşü və iki Akademiya arasında əməkdaşlıq imkanlarının müzakirəsi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: