Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Fransada konfransda çıxış edib
11.12.2015 09:20
  • A-
  • A
  • A+

Azərbaycan alimi Fransada konfransda çıxış edib

Fransanın Lion şəhərində Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və Təbiət Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ”Qafqazda eramızdan əvvəl VI–II minilliklərdə darı bitkisinin kultivasiyası: mənşəyi və inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Cənubi Qafqazda arxeoloji və paleobotanik tədqiqatlar aparan Azərbaycan, Fransa, Gürcüstan və digər ölkələrdən olan alimlər iştirak ediblər.

Beynəlxalq tədbirdə Qafqazın arxeoloji abidələr kontekstində bioloji arxivlər və paleobotanik analizlərin nəticələrindən irəli gələn yeni elmi informasiyaların təhlili və müzakirəsi aparılıb.

Məruzəçilər Qafqazda darı bitkisinin qədim sakinlərin qidasında ilkin istifadəsi, həmçinin onun kultivasiyası ilə bağlı yeni məlumatlar təqdim ediblər.

Ölkəmizi beynəlxalq tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspozisiya şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev təmsil edib. Konfransda alimin “Göytəpə: erkən neolit kəndi” mövzusunda məruzəsi dinlənilib.

F.Quliyev Göytəpə qədim yaşayış yerində aparılan paleobotanik analizlərin nəticələrini təqdim edib. Həmin nəticələrin təhlilinə əsaslanaraq, məruzədə Cənubi Qafqazın neolit dövründə erkən əkinçi tayfaların ərzaq ehtiyatları haqqında ən yeni elmi informasiyaların üzə çıxarılması baxımından Göytəpə məskəninin etalon abidə statusunda olduğu xüsusi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: