Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2015 16:53
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şah İsmayıl Səfəviyə həsr olunan tədbir keçirildi

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şah İsmayıl Səfəviyə həsr olunan tədbir keçirildi

Dekabrın 11-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan dövlətçilik ənənələrində lider fenomeni – Şah İsmayıl Səfəvidən XXI əsrə” (Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi – döyüşçü və hökmdarın portreti” və “Şah İsmayıl  Səfəvi: tarixi-diplomatik sənədlər toplusu"  kitabları əsasında) mövzusunda elmi sessiya keçirildi.

Elmi sessiya ulu öndər Heydər Əliyevin xatirəsinin anılması ilə başlandı. 

Tədbiri giriş nitqi ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə Heydər Əliyevin müasir Azərbaycan dövləti quruculuğundakı müstəsna xidmətlərini diqqətə çatdıraraq əlavə etdi: “Qüdrətli dövlət və siyasət xadimi Heydər Əliyev  xalqın ardıcıl çağırışları və iradəsi ilə böyük siyasətə Azərbaycanın yenidən bərpa olunmuş müstəqilliyinin o dövründə qayıtdı ki, XX əsrin əvvəllərində olduğu kimi həmin istiqlal yenə 2 yaşına çatmadan süquta uğraya bilərdi. Heydər Əliyevin siyasi zəkasının və sarsılmaz qətiyyətinin sayəsində Azərbaycan parçalanmadan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarına çevrilən bu misilsiz şəxsiyyət Azərbaycan iqtisadiyyatını dirçəltdi, ölkənin gələcək yüksəlişlərini təmin edəcək neft müqavilələrinin bağlanmasına nail oldu, Azərbaycanın ölçülü-biçili, balanslaşdırılmış xarici siyasətinin təməllərini qurdu, dövlətimizin beynəlxalq nüfuzunun artmasını təmin etdi. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti Heydər Əliyevin ömrünün mənası, onun şah əsəri idi.

Heydər Əliyev müasir Azərbaycan tarixinin elə nadir bir şəxsiyyəti idi ki, onun əsl möhtəşəmliyi bütün dolğunluğu ilə bəlkə də gələcək zamanlarda indikindən daha artıq duyulacaq. Bu da tarixin sınanmış gerçəyidir – zirvələr uzaqdan daha aydın görünür!”

Elmi sessiyanın iştirakçıları ulu öndərin ömür və mübarizə yolunu əks etdirən sərgi ilə də tanış oldular.

Tədbir,  Azərbaycan Prezidenti Adminstrasiyasının  rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə bir-birinin ardınca nəşr edilən və tarixi mövzularda olsalar da, bilavasitə müasir ictimai-siyasi gerçəkliyimizlə səsləşən əsərlərinin işığında Azərbaycan alimlərinin geniş fikir mübadilələri üzərində qurulmuşdu.

İlk olaraq akademik Rafael Hüseynovun “Akademik Ramiz Mehdiyevin müqayisəli-tarixi araşdırmalarında müasir Azərbaycan dövlətçiliyinin nəzəri modelləri”  adlı məruzəsi dinlənildi. 

Geniş məruzəsində akademik Ramiz Mehdiyevin əsərlərinin başlıca məziyyətlərini  əhatəli şəkildə təhlil edən natiq belə bir cəhəti xüsusi vurğuladı ki, həmin araşdırmalar yalnız çoxdan açıq qalan suallara cavablar verməklə yekunlaşmır, həm də tədqiqatçıları yeni-yeni araşdırmalara dəvət edən mühüm ideyalar irəli sürür.

Akademik Ramiz Mehdiyevin elmi siqləti, siyasi dərinliyi ilə seçilən əsərlərinin digər vacib bir xüsusiyyətinin də onlardakı kompleks yanaşma, problemi bütün təfərrüatı ilə öyrənmək və öyrətmək olduğunu  qeyd edən Rafael Hüseynov bu kitabların həm elmi auditoriya, həm geniş xalq üçün gərəkliliyinin üzərində dayandı.

Akademik Ramiz Mehdiyevin tarixi-müqayisəli təhlillərdən ibarət əsərlərini müasir Azərbaycan siyasəti və dövlətçiliyinin nəzəri modellərini özündə əks etdirən mötəbər mənbələr kimi qiymətləndirən R.Hüseynov bu tədqiqatlar silsiləsinin indiyədək elmimizdə aşkar duyulan boşluğu xeyli dərəcədə doldurduğunu vurğuladı. 

Akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai ilə bağlı tədqiqatlarının ayrı-ayrı məqamları üzərində dayanan R.Hüseynov dedi: “Şah İsmayılı tarixçilərimiz, filoloqlarımız, mənbəşünaslarımız, mətnşünaslarımız, folklorçularımız tədqiq etmiş, bu istiqamətdə çoxlu məqalə və kitablar yazmışlar. Lakin R. Mehdiyevin Şah İsmayıl haqqındakı araşdırmaları onların hamısından seçilir. Çünki ilk dəfədir ki, Şah İsmayıl Səfəvinin bütün tərəfləri nəzərə alınaraq və bütün qabiliyyətləri, keyfiyyətləri bir meyar ətrafında cəmləşdirilərək tədqiqat süzgəcindən keçirilir. Ramiz Mehdiyev şair, sərkərdə, dövlət xadimi, ideoloq, diplomat,  mesenat, elm və mədəniyyət təşkilatçısı Şah İsmayılın bütün bu xüsusiyyətlərinin bir nöqtədə qovuşaraq mərkəzləşmiş, güclü Azərbaycan dövləti qurmağa yönəldiyini sübut edir. Bir filosof, dövlətşünas, siyasətşünasın sərrast dəyərləndirmələri nəticəsində biz Şah İsmayılı da, onun apardığı siyasəti də, qurmuş olduğu dövləti də indiyədək yazılmış bütün əsərlərdən fərqli olan aydın, inandırıcı bir şəkildə görüb dərk edirik.

Təcrübəli və dərin bilikli dövlət adamı olan akademik Ramiz Mehdiyevin ustalığı ondan ibarətdir ki, tarixi tutuşdurmalarını apara-apara, Şah İsmayıl Səfəvinin həyata keçirmiş olduğu ayrı-ayrı böyük əməllərin mahiyyətini aça-aça bunların hamısında yeni dövrlə səsləşmələr tapır, müasir dövlət quruculuğu üçün lazım olan bir sıra düsturların məhz həmin tarixi təcrübələrdə gizləndiyini bizə anladır.

Bütün bu qəbil təhlilləri ilə akademik Ramiz Mehdiyev həm də onu öyrədir ki, tarixə və tarixi şəxsiyyətlərə, onların irsinə belə münasibət bəsləyin. Tarixə və tarixi simalara yalnız keçmişdə qalan köhnəlmiş miras kimi deyil, həm də bu gün fayda verə biləcək, işlək modellər kimi diqqət yetirin. 

Ramiz Mehdiyevin Şah İsmayıl Xətainin aparmış olduğu dil siyasətinə də araşdırmalarında  ayrıcı bir mövzu istiqaməti kimi yer ayırması təsadüfi deyil. İlk gəncliyindən bəri Azərbaycan dövlətçiliyinin rəhbərliyində təmsil olunan Ramiz Mehdiyev dilin bir xalqın özünüdərki və mənəvi tərəqqisində nə qədər əhəmiyyətli amil olduğuna yaxşı bələddir. Bu məsələni dövlətçiliyin sütunlarından hesab edən akademik R. Mehdiyev Şah İsmayılın hələ XVI əsrdə Azərbaycan dilinin dövlət həyatında yerini möhkəmləndirməsinə, dilimizin beynəlxalq nüfuzunun artmasına köklənmiş çalışmalarından yazaraq baxışları həm də müasir Azərbaycana sarı çevirir. Oxucusunu ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı miqyaslı işlər, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ana dili ilə əlaqədar gerçəkləşdirdiyi layihələr ətrafında düşünməyə sövq edir.

Akademik Ramiz Mehdiyev bu araşdırmalarında elmimizə yeni anlayışlar, təzə terminlər gətirir. “Şah İsmayılın siyasi irsi” tərzində bir ifadə ilk dəfə elmi dövriyyəyə Ramiz Mehdiyevin qələmi ilə daxil olur. Yeri düşdükcə çox incə, mətləbləri dəqiqliklə açan təhlilləri ilə akademik Ramiz Mehdiyev əyani şəkildə isbat edir ki, söhbət Şah İsmayıl kimi nadir tarixi simalardan gedərkən yeri düşəndə onun bir məktubu da, imzaladığı fərman da, hətta hansısa şeir də çox önəmli siyasi irs nümunəsi kimi qavranıla və təhlil müstəvisinə çıxarıla bilər. Çoxistiqamətli təhilləri nəticəsində akademik Ramiz Mehdiyev Şah İsmayılın dövlətçilik siyasətinin başlıca açar elementini də müəyyən edir: “Ədalət prinsipi”. Həmin prinsipin, həmin nəzəri modelin müasir Azərbaycan dövlətçiliyində reallaşmasını isə akademik Ramiz Mehdiyev son illərdə siyasətşünaslıq elmimizi zənginləşdirən bir çox dəyərli əsərlərində tutarlı dəlillərlə şərh etmişdir.

R. Mehdiyevin bu və bu qəbildən olan əsərləri özləri də əslində bir model, örnək rolunu oynayır, bundan sonra alimlərimizi bu biçimdə, belə sağlam enerji ilə yüklənmiş əsərlər yaratmağa səfərbər edir”.

Daha sonra muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirlinin “Müstəqillik dövrü Azərbaycan tarixi və Şah İsmayıl Səfəvi”, Beynəlxalq əlaqələr və komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin "Akademik Ramiz Mehdiyevin tədqiqatları fonunda Şah İsmayıl Xətainin avtoqraf epitetləri" , Elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri, professor  Kamil Allahyarovun “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında Şah İsmayılın rolu” və professor Kamil İbrahimovun  “Şah İsmayıl Xətai Səfəvi-Azərbaycan imperiyasının lideri kimi” mövzusunda məruzələri dinlənildi.

Elmi sessiyanın materiallarını onların əhəmiyyətini nəzərə alaraq mətbuat səhifələrində, eləcə də ayrıca toplu halında nəşr etdirmək tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: