Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsinin ümumi hesabat yığıncağı keçirilib
17.12.2015 14:59
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsinin ümumi hesabat yığıncağı keçirilib

Cari ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 13 monoqrafiya, 5 kitab, 2 metodik vəsait, 523 elmi məqalə və konfrans materialı, 28 tezisi olmaqla, 571 elmi əsəri nəşr edilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin 2015-ci il ərzindəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağında danışılıb.

Yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibindəki digər qurumların fəaliyyəti ilə bağlı geniş məruzə edib.

Qeyd olunub ki, bu il Naxçıvan Bölməsində 2015-ci ilin muxtar respublikada “Kənd təsərrüfatı ili” elan edilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70, 1941-1945-ci illər müharibəsində qələbənin 70, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar tədbirlər keçirilib. Hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 32 elmi-tədqiqat işinin 86 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Müxtəlif obyektiv səbəblərlə əlaqədar planda nəzərdə tutulan 9 mərhələ üzrə elmi-tədqiqat işləri dayandırılıb, 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb. Elmi-tədqiqat işləri 77 elmi işçi və köməkçi heyət tərəfindən yerinə yetirilib.

Ayrı-ayrı institutların əldə etdiyi uğurlara da toxunan akademik İsmayıl Hacıyev bölmə üzrə ümumiləşdirilmiş nəticələrdən bəhs edib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, nəşr edilən əsərlərdən 1 monoqrafiya, 155 elmi məqalə və konfrans materialı, 2 tezis olmaqla, 158 əsər xaricdə çapdan çıxıb. Elmi əsərlərdən 24-ü impakt faktorlu jurnallarda nəşr olunub. Hesabat ilində “Xəbərlər” jurnalının 4 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə bölmə əməkdaşlarının 110 məqaləsi işıq üzü görüb. 2015-ci ildə bölmədə bir elmi işçiyə düşən əsər sayı 7,5 olub.

Bildirilib ki, AMEA Naxçıvan Bölməsində ştat cədvəli üzrə 2015-ci ildə 244 nəfər əməkdaş çalışıb. Hesabat dövründə 17 nəfər yeni işə götürülüb. Bölmədə əməkdaşların 77 nəfəri elmi işçi, 9 nəfəri isə laborant olaraq fəaliyyət göstərir. Hazırda bölmədə 24 nəfər doktorant (13 fəlsəfə doktoru hazırlığı üzrə, 11 elmlər doktoru hazırlığı üzrə), 31 nəfər dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatlarını davam etdirirlər.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə bölmənin 1 əməkdaşı “Əməkdar elm xadimi” adına, 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb, 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

İldən-ilə bölmənin maddi-texniki bazasının dövlət qayğısı ilə gücləndirildiyini deyən akademik İsmayıl Hacıyev bölmədə 2015-ci ildə 1 beynəlxalq elmi simpozium, 19 konfrans və tədbir, 11 iclas, 3 təqdimat mərasimi, 38 elmi seminar keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif istiqamətlərinin öyrənilməsi diqqətdə saxlanılıb.

Sonra AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti üzvlərinin çıxışları olub.

Yığıncaqda 2015-ci ildə əldə etdikləri uğurlu nəticələrə görə bölmənin iki nəfər əməkdaşına “İlin alimi” fəxri diplomu verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: