Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.12.2015 01:54
  • A-
  • A
  • A+

Məktəblilər arasında "Gələcəyin tədqiqatçıları” adlı yeni müsabiqəyə start verildi

Məktəblilər arasında "Gələcəyin tədqiqatçıları” adlı yeni müsabiqəyə start verildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Radiasiya Problemləri, Nizami adına Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya, Riyaziyyat və Mexanika institutlarının Gənc Alim və Mütəxəssislər Şuralarının birgə təşkilatçılığı ilə Nərimanov rayonu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri arasında AMEA-nın 70 illik yubileyinə həsr olunmuş "Gələcəyin tədqiqatçıları" müsabiqəsi çərçivəsində təqdimat keçirildi. Məktəbin direktoru Xuraman Osmanova qonaqları salamlayaraq, Akademiya gənc alimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirdi və məktəb yaşlarında istedadlı şagirdlərin elmə həvəsləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdi.

Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, rəhbərlik etdiyi qurum istər ali, istərsə də orta məktəblərdə tələbə, magistr və şagirdlər arasında elmin təbliginə böyük önəm verir və artıq 2 ildir ki, bu istiqamətdə bir sıra qeyri-ənənəvi layihələr həyata keçirilir. O, nümunə olaraq "Bu günün şagirdi, sabahın alimi", "Riyazi məntiqlə düşün", "Əyləncəli və öyrədici elm" və sair layihələrinin məhz, Bakı və regon orta məktəblərində reallaşdırıldığını vurğuladı. F.Salmanov yuxarıda adı çəkilən müsabiqənin də şagirdlərdə elmə maraq oyadacağını əminliklə ifadə etdi.

Tədbirdə Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova çıxış edərək bildirdi ki, Fizika İnstitutunun GAMŞ-ın təşəbbüsü ilə keçirilən bu tədbirin məqsədi məktəblilərin elmə marağının artırılması, kütlə qarşısında çıxış etmək bacarığını formalaşdırmaqdır. Nizami adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov və Riyaziyat və Mexanika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev təqdimatla bağlı fikirlərini bölüşdülər.

Sonra söz məktəblilərə verildi. Seçilmiş 14 istedadlı şagird ədəbiyyat, fizika, radiasiya təhlükəsizliyi və ekologiya, tarix-etnoqrafiya və riyaziyyat fənnlərinə aid maraqlı mövzularda hazırladıqları təqdimatları nümayiş etdirdilər. Daha sonra hər bir təqdimatlarla bağlı ekspertlərin rəy və fikirləri öyrənildi və yekdil qərarla müsabiqənin nəticələri elan edildi. Beləliklə, ədəbiyyat üzrə Əliyeva Nigar I yerə, Zeynalova Fizzə II yerə, Həsənov Fuad III yerə; fizika fənni üzrə Mirzəliyeva Fidan I yerə, Cəfərzadə Jalə II yerə, Hüseynov Elvin III yerə; Radiasiya təhlükəsizliyi və ekologiya üzrə Məmmədəliyev Tofiq I yerə, Dərya Şahin II yerə; tarix və etnoqrafiya üzrə Əliyeva Nərmin I yerə, İbrahimova Şəhanə II yerə və nəhayyət riyaziyyat üzrə Səfərov Ramin I yerə, Quluzadə Zeynəb II yerə layiq görüldü. Qaliblərə müvafiq institutların sertifikatları və hədiyyələri təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: