Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan xanlığına məxsus üçüncü bayraq aşkar edilib
07.01.2016 11:51
  • A-
  • A
  • A+

Naxçıvan xanlığına məxsus üçüncü bayraq aşkar edilib

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov tərəfindən “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda aparılmış tədqiqat nəticəsində Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş və indiyədək məlum olmayan yeni bayraq aşkar edilib.

Aşkar edilmiş Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınmış və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilmişdir. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır.

Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: