Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov haqqında kitab nəşr olunub
14.01.2016 09:50
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov haqqında kitab nəşr olunub

“Elm və təhsil” nəşriyyatında Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov haqqında yeni kitab çapdan çıxıb. “Yol və söz” adlı kitabda alimin ömür yolundan, elmi yaradıcılığından, xüsusən onun xalq gülüşü, folklorda obrazın ikiləşməsi, psixologizm, həmçinin şifahi və yazılı ədəbiyyat əlaqələri ilə bağlı araşdırmalarından bəhs edən məqalələr toplanıb.

AMEA Rəyasət Heyətinin elmi katibi, fil.ü.f.d. Sərxan Xavəri kitaba ön sözdə yazır: “Muxtar Kazımoğlu (İmanov) müasir Azərbaycan filoloji və folklorşünaslıq elminin tanınmış nümayəndəsidir, elmi-ictimai mühitdə sözünün çəkisi və sanbalı olan görkəmli ziyalıdır, Azərbaycan Milli Elmlər Akademiyasının folklorşünaslıq ixtisası üzrə yeganə üzvüdür, AMEA Folklor İnstitutunun direktoru olaraq folklorşünas alim kollektivinin flaqmanıdır. Bundan əlavə o, zəngin ictimai fəaliyyətlə də məşğuldur”.

Kitab iki bölmədən ibarətdir. “Mülahizələr, mübahisələr” adlı I bölmədə akademik Bəkir Nəbiyevin alim haqqında fikirləri yer alıb. Həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası barədə qənaəti də nəşrdə öz əksini tapıb.

Kitabda AMEA-nın müxbir üzvü Azad Nəbiyev, professorlar Qəzənfər Paşayev, Paşa Əfəndiyev, Yavuz Axundlu, Ramazan Qafarlı, Valeh Hacılar, Kamran Əliyev da maraqlı qənaətlər irəli sürürlər.

II bölmə “Portret cizgiləri” adlanır. “O illər itmədi”, “Paralel xronologiyalar” , ““Böyüklük” hikkəsindən uzaq adam”, “Akademik ədəbiyyatşünaslıq yolu”, “Yaradıcı şəxsiyyəti, ziyalı müdrikliyi”, “İnamın işığında”, “Muxtar Kazımoğlu: obrazın bütövlüyü”, “Paylaşmağa dəyən təəssürat”, “Sadəliyin gözəlliyi”, “Adını yaşayan insan” kimi yazılarda M.Kazımoğlunu yaxından tanıyan dostları, həmkarları ürək sözlərini bölüşürlər.

“Ömrün unudulmaz anları fotoşəkillərdə” rubrikasında M.Kazımoğlunun elmi fəaliyyəti ilə bağlı fotoşəkillər təqdim olunur.

Kitabın tərtibçisi fil.ü.f.d. Səbinə İsayeva, redaktoru Aynurə Səfərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: