Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2016 10:21
  • A-
  • A
  • A+

20 Yanvar – milli iradənin və azadlığın təntənəsi

20 Yanvar – milli iradənin və azadlığın təntənəsi

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Toplantıda çıxış edən Şuranın sədri, dosent Famin Salmanov  20 Yanvarın Azərbaycan xalqının tarixində milli oyanış günü olduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar –tariximizdə qanla yazılmış bir qara səhifə olsa da ancaq o, təkcə faciə deyil, həm də Azərbaycanın uzun illər mübarizə apardığı  istiqlal və hürriyət savaşının  zəfəri, milli iradənin və azadlığın təntənəsidir. Bu tarixin, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğu diqqətə çatdırılıb.

F.Salmanov bildirib ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. 1993-cü ildən sonra isə bu faciənin səbəblərinin araşdırılması, onu törədənlərin məsuliyyətə cəlb olunması, 20 Yanvar hadisələrinin əbədiləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Mehman Həsənov “20 Yanvar faciəsinin bədii ədəbiyyatda inikası”, A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Həlimə Kazımova “1980-1990 cı illərdə Azərbaycanda siyasi vəziyyət və qanlı Yanvar” və hüquq elmlər doktoru Ayxan Rüstəmzadə “20 Yanvar hadisələrin hüquqi akspektdən baxışı” mövzularında çıxış edərək, bu qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyası qiymət haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər qanları ilə qəhrəmanlıq tariximizə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: