Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Kamal Talıbzadənin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib
23.12.2013 00:00
  • A-
  • A
  • A+

Akademik Kamal Talıbzadənin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik Kamal Talıbzadənin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib.

Öncə institut rəhbərliyi Fəxri Xiyabanda görkəmli alimin məzarını ziyarət ediblər.

Elmi sessiyanı giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq qurumun 80 illik yubileyinin ayrı-ayrı ədəbiyyatşünas alimlərin yubiley mərasimləri ilə davam etdirildiyini diqqətə çatdırıb. Yubiley ərəfəsində indiyədək geniş elmi ictimaiyyətə məlum olmayan xeyli sayda arxiv sənədlərinin aşkar olunduğunu qeyd edən İ.Həbibbəyli bu istiqamətdə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib.

K.Talıbzadənin Heydər Əliyev epoxasının ən qüdrətli alimlərindən biri olduğunu söyləyən İsa Həbibbəyli bildirib ki, alimin irsinin yeni nəslə daha dərindən çatdırılması onun yubileyinin keçirilməsini zəruri edir. O, bu məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin qərarını xatırladıb.

Sonra institut rəhbəri K.Talıbzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm xidmətlərindən danışıb. Qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olan K.Talıbzadə Azərbaycan ədəbi tənqidi, onun tarixi və nəzəriyyəsini araşdırmışdır. O, zəhmətkeş və istedadlı gənclərə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.

İ.Həbibbəyli bildirib ki, institutda yeni yaradılan “Ədəbi tənqid” şöbəsi ədəbiyyatşünas alimin yaradıcılıq ənənələrini davam etdirməli, tənqidçi irsinin dərindən öyrənilməsinə xüsusi diqqət yetirməlidir. Akademik gələcəkdə görkəmli tənqidçinin həyat və fəaliyyətini əhatə edə biləcək “Böyük müəllimimiz” adlı xüsusi nəşrin hazırlanmasının da məqsədəuyğun olduğunu bildirib.

Sonra institutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Kamal Talıbzadə və müasir ədəbi-bədii proses”, BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyevin “Kamal Talıbzadənin ədəbi-nəzəri görüşləri” və filologiya üzrə elmlər doktoru Sara Osmanlının “Kamal Talıbzadənin elmi axtarışlarının komparativ istiqaməti” mövzularında məruzələri dinlənilib. Məruzəçilər K.Talibzadəni Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndirərək akademiklə bağlı xatirələrini bölüşüblər.

Sonda akademikin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə çıxış edərək göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: