Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2016 16:33
  • A-
  • A
  • A+

Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənildi

Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənildi

Fevralın 2-də AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirildi.

İclasda bölmənin büro üzvləri, institutların direktorları, elmi işlər üzrə direktor müavinləri və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.

Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verən bölmənin akademik-katibi, akademik Qərib Məmmədov hesabat ilində aqrar sahədə aparılan elmi və tətbiqi tədqiqatlardan danışdı. Bildirdi ki, hesabat ilində bölmənin elmi istiqamətləri üzrə altı problemə dair 44 mövzu üzrə tədqiqatlar aparılmışdır.

Akademik bildirdi ki, bölmənin tərkibinə daxil olan Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarında ciddi elmi-nəzəri və təcrübi-innovativ tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir. Rəhbərlik etdiyi bölmənin institutlarında müasir ava­dan­lıq­lar­dаn istifаdə etməklə yeni metodlarа yiyələnməsi nəticəsində dünya standartları səviyyəsində tədqiqatlar aparıldığını, mühüm nailiyyətlər əldə olunduğunu vurğuladı.

Akademik Qərib Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq, 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan etmiş və bununla da aqrar sektorun inkişafında yeni mərhələ başlanmışdır.  

Vurğulandı ki, AMEA-nın 70 illik yubiley tədbirində dövlət başçısı tərəfindən irəli sürülən prioritet istiqamətlər kənd təsərrüfatı məhsullarının istehsalı və aqrar elm qarşısında böyük öhdəliklər qoymuşdur. Ölkə rəhbəri çıxışında aqrar tədqiqatlara xüsusi önəm vermiş, alimləri Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəsi ilə əkin dövriyyəsinə yeni daxil olan min hektarlarla torpaq sahələrindən səmərəli istifadə etmək üçün ciddi tədqiqatlar aparmağa çağırmışdır.

Bildirildi ki, hesabat ilində Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aerokosmik materiallar əsasında torpaqların genezisi, diaqnostikası, klassifikasiyası, torpaq kadastr məsələləri öyrənilmiş və torpaqlar ekoloji cəhətdən qiymətləndirilmişdir. Bundan başqa, institutda tədqiqat üçün götürülmüş torpaq sahələri koordinatlaşdırılmışdır. İlk dəfə olaraq qış otlaq torpaqlarının və landşaft komplekslərinin bitki heyvan tələbatı nəzərə alınaraq diferensial səviyyədə ekoloji-energetik qiymətləndirilməsi aparılmış və onların yaxşılaşdırılması yolları əsaslandırılmışdır. Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yeni üzvi-mineral gübrə alınmış və onun müxtəlif aqrosenozlarda mineral gübrələr fonunda səmərəli norma və verilmə üsulları işlənib hazırlanmışdır. Həmçinin Azərbaycanda ilk dəfə olaraq subtropik zonanın tərəvəzə yararlı suvarılan torpaqlarının biomorfogenetik diaqnostikası hazırlanmışdır.

Diqqətə çatdırıldı ki, Eroziya və Suvarma İnstitutunda torpaqların eroziyaya uğrama dərəcələri, eroziya bazisi öyrənilmiş, xəritələşdirilmişdir. İnstitutda yeni yaradılan az intensiv mütərəqqi suvarma texnikasının tətbiqi ilə Azərbaycanın Gəncə-Qazax bölgəsində suvarma suyuna 4-5 dəfə qənaət edilməsi ilə yanaşı, bitkilərin məhsuldarlığının 35-40% artırılmasına imkan verdiyi müəyyən edilmişdir.

Hesabat ilində Genetik Ehtiyatlar İnstitutunda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar qurulmuş və güclü kadr potensialı yaradılmışdır. Hazırda institutda fəaliyyət göstərən Milli genbankda 11000-dən çox bitki nümunəsi qorunub saxlanılır. 2015-ci ildə institutda əsas kənd təsərrüfatı bitkilərinin və onların yabanı əcdadlarının toplanılması işi davam etdirilmiş, müxtəlif  bitki qruplarına aid 409 yeni nümunənin toxumları genbanka daxil edilmişdir.

Q.Məmmədov bildirdi ki, hesabat ilində bölmə institutları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Avropa Komissiyası, ABŞ Kənd Təsərrüfatı Departamenti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Ukrayna Elmi-Texniki Mərkəzindən qrantlar almışlar.

Akademik əlavə etdi ki, ötən ildə bölmə üzrə 3 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş, 8 nəfərin fəlsəfə doktorluğu, 1 nəfərin elmlər doktorluğu dissertasiyası müdafiəyə təqdim edilmişdir. Hesabat ilində bölmə əməkdaşları tərəfindən 421 elmi əsər, o cümlədən 6 kitab, 2 monoqrafiya, 317 məqalə (132-i xaricdə) dərc edilmişdir. 

Hesabata dair çıxışlar dinlənildi, bölmənin 2015-ci ildəki fəaliyyəti yüksək qiymətləndirildi.

İclasda, həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya və Eroziya və Suvarma institutlarının birləşdirilməsi məsələsinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: