Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti, akademik Akif Əlizadə Gənc alim və mütəxəssislər şuralarının sədrləri ilə görüşüb

AMEA prezidenti, akademik Akif Əlizadə Gənc alim və mütəxəssislər şuralarının sədrləri ilə görüşüb

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə institut və təşkilatlarda təsis edilmiş Gənc alim və mütəxəssislər şuralarının sədrləri ilə görüşüb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və akademik-katib, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev də iştirak ediblər.

Akif Əlizadə AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasının qərarı ilə yaradılan Gənc alim və mütəxəssislər şurasının məqsəd və vəzifələrindən söhbət açıb. Gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm adımlar atıldığını, dövlət proqramları çərçivəsində yerinə yetirilən lahiyələrdə fəal iştirak etmələri üçün tədbirlər görüldüyünü nəzərə çatdırıb.

Ölkəmizdə İKT ili ilə bağlı cari ildə akademiyada keçirilən tədbirlərdən danışıb. Gənc alimlərə informasiya-kommunikasiya texnologiyalarını və xarici dilləri mükəmməl öyrənməyi tövsiyə edib.

Azərbaycan elminin gəncləşməsi istiqamətində həyata keçirilən layihələrdən söhbət açan akademiya rəhbəri gənc alim və mütəxəssislərin üzərinə düşən vəzifələri ifadə edib.

Sonra professor Rasim Əliquliyev çıxış edərək gənc alim və mütəxəssislərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, akademiyada aparılan gənclər siyasətindən, onların sosial problemlərinin həlli istiqamətində görülən əməli tədbirlərdən danışıb. 2014-cü ildə gənclərlə bağlı keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verib. Gənc alim və mütəxəssislərə ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması ilə bağlı innovativ proseslərdə fəal iştirak etməyi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsini tövsiyə edib.

Sonda Gənc alim və mütəxəssislər şuralarının sədrlərinin rəy və təklifləri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: