Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2016 14:04
  • A-
  • A
  • A+

Azərbaycan və Ukraynanın palçıq vulkanlarının xüsusiyyətləri öyrənilir

Azərbaycan və Ukraynanın palçıq vulkanlarının xüsusiyyətləri öyrənilir

Azərbaycan və Ukraynanın palçıq vulkanlarının kompleks geoloji-geokimyəvi və mineraloji xüsusiyyətləri müqayisəli şəkildə öyrənilir. İki ölkənin alimləri tərəfindən birgə tədqiqatlar aparılır, nəticələri təhlil edilir və yeni məlumatlar alınır. İşlər AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi tərəfindən aparılır. “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı layihə çərçivəsində həyata keçirilən müştərək tədqiqatların Azərbaycandakı koordinatoru professor Adil Əliyevdir. Onun ukraynalı həmkarı isə bölmənin rəhbəri, akademik Yevgeniy Şnyukovdur.

Araşdırmaların sırasında ilk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında fəsil və aksessor mineralları tədqiq olunur. Bu, GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır.

A.Əliyevin sözlərinə görə, yeni istiqamətlər üzrə aparılan tədqiqatlar hər iki regionun palçıq vulkanlarının mineralogiya və geokimyasına dair yeni məlumatların meydana çıxmasına səbəb ola bilər. Tədqiqatlar palçıq vulkanlarının genetik xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədi daşıyır.

Müştərək işlərin hazırkı nəticələrinin təhlili məqsədi ilə A.Əliyev və şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov Ukraynanın paytaxtı Kiyevə ezam olunublar. UMEA-nın Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsində geniş müzakirələr aparılıb.

Ezamiyyə çərçivəsində Azərbaycan alimləri Ukraynanın geologiya, geokimya, mineralogiya üzrə institut və universitetlərində, həmçinin ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji və Mineral Sərvətlər Dövlət Xidmətində olublar. GGİ-nin əməkdaşları qurumların maddi-texniki bazaları ilə tanış olublar. Görüşlərdə hər iki regionun palçıq vulkanları və yanar şistlərinin yeni istiqamətlər üzrə birgə tədqiqi imkanları müzakirə edilib.

Qeyd edək i, beşillik müştərək layihə 2017-ci ildə başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: