Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.02.2016 15:35
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsi elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

AMEA Yer Elmləri Bölməsi elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA Yer Elmləri Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov hesabat ilində bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında məlumat verib.

Bölmənin akademik-katibi ötən il əldə olunmuş mühüm nəticə və nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb: "Hesabat ilində bölmənin müəssisələrində 14 elmi problemi əhatə edən 35 mövzu üzrə tədqiqatlar aparılıb, 5 mövzu tamamlanıb. Bölmədə 4 mühüm nəticə əldə edilib, 3 iş tətbiq olunub. Elmi müəssisələrin əməkdaşları 4 monoqrafiya, 12 kitab dərc etdiriblər. Həmçinin, 6 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib, 3 nəfər doktoranturaya qəbul olunub. Hazırda bölmənin institutlarında 53 fəlsəfə doktorantı təhsil alır. 2015-ci ildə bir nəfər Geologiya və Geofizika İnstitutuna Dəniz və okean dibinin geologiyası ixtisası üzrə magistraturaya qəbul olunub".

Məruzədə vurğulanıb ki, ötən il 405 məqalə və 35 tezis çap olunub ki, onlardan 24-ü impakt faktorlu jurnallarda, 108-i xaricdə nəşr edilib.

Akademik Fəxrəddin Qədirov hesabat ilində bölmə müəssisələrinin Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş bir sıra dövlət proqramları çərçivəsində həyata keçirdiyi tədbirlərin icrası, o cümlədən keçirilmiş beynəlxalq konfrans və simpoziumlar haqqında ətraflı məlumat verib. Bildirilib ki, Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş "Müasir qlobal dəyişmələrə geo və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. AMEA-nın 70 illiyinə həsr olunmuş “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq multidissiplinar forum çərçivəsində Yer Elmləri Bölməsinin institutlarının təmsil olunduğu qeyd edilib. Həmçinin, Yer Elmləri Bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə ötən il 14-18 sentyabr tarixlərində Bakıda X Beynəlxalq "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" Seysmoloji seminar – məktəbi keçirilib.

Fəxrəddin Qədirov bildirib ki, ötən il AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya və İsveçrədə "Milan EXPO-2015" tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə təşkil olunmuş elmi konfransda iştirak edib. Həmçinin, "Azərbaycanda palçıq vulkanları fenomeni" adlı məruzə dinlənilib, "Dünya palçıq vulkanlarının atlası”nın təqdimatı keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə bir qrup alim Çexiya Respublikasının Praqa şəhərində keçirilən Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) XXVI Assambleyasında məruzələrlə çıxış ediblər.

Akademik bölmə əməkdaşlarının Moskva, Sankt-Peterburq, Dubna, Həştərxan, Tbilisi, Kiyev, Atırau, Bişkek, İstanbul, Ankara, Praqa, Luqano, Madrid, Florensiya, Milan, Vyana, Potsdam, Təl-Əviv, Los-Anceles, Pekin və digər şəhərlərdə təşkil olunmuş müxtəlif beynəlxalq elmi, elmi-praktiki konfrans və simpoziumlarda iştirak etdiklərini diqqətə çatdırıb.

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. Bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsinə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: