Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2016 12:57
  • A-
  • A
  • A+

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

Fevralın 17-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ana dili Gününə həsr olunmuş konfrans keçirilib.

Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açaraq konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən alim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib. Dilimizin orijinallığının qorunub-saxlanması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətin əsas prinsipi olduğunu söyləyən alim, milli ideoloji prinsiplərin qorunmasının zəruriliyindən danışıb. Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər haqqında məlumat verərək dilimizin tətbiqi işinin təkmilləşdirilməsi və s. ilə əlaqədar qəbul olunan sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində görülən işlərin vacibliyini nəzərə çatdırıb. M.Nağısoylu AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”a uyğun olaraq institutda müəyyən işlərin aparıldığını qeyd edib.

Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov YUNESKO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılmasına səbəb olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, bu əlamətdar günün keçirilməsi xalqların dil və mədəniyyətinin qorunması məqsədini daşıyır. Dünya azərbaycanlıları da yaşadıqları ölkələrdə bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirirlər. 

Tədbirdə “Dilimizin qayğıları”, “Ana dili güvənc yerimizdir”, “Azərbaycan ədəbi dilinin qaynaqları”, “Müasir Azərbaycan dilində baş verən proseslər”, “Ana dilinin təbliğində müasir informasiya texnologiyalarının rolu” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd olunub ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi mühüm tarixi hadisə idi.

Tədbirdə vurğulanıb ki, Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: