Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə UMEA-nın Riyaziyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb
04.03.2016 17:08
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə UMEA-nın Riyaziyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA-nın institut və təşkilatlarının beynəlxalq əməkdaşlıq təcrübəsində elmi-texniki tədqiqatların qarşılıqlı koordinasiyası, birgə elmi-tədqiqat işləri, elmi-informasiya, elmi dövri nəşrlərin və materialların mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Buraya mütəxəssislərin qarşılıqlı elmi ezamiyyətləri, innovasiya texnologiyalarının mübadiləsi, beynəlxalq regional təşkilatların elmi-texniki proqramlara dəstəyi də aiddir.

Azərbaycan və Ukrayna alimləri arasında riyaziyyat və mexanika sahəsində əməkdaşlıq əlaqələri məhz bu istiqamətdə reallaşdırılır. Ötən il AMEA Riyaziyyat və Mexanika İnstitutunda keçirilmiş "MADEA-7" adlı beynəlxalq elmi konfransda Ukrayna Milli Elmlər Akademiyasının nümayəndə heyətinin iştirakı zamanı bu əlaqələr daha da vüsət almışdır.

Konfrans zamanı, hər iki elmi qurum arasında əldə edilmiş razılaşma cari ilin fevral ayında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru, akademik Anatoli Samoylenko tərəfindən imzalanmış elmi-texniki əməkdaşlıq sazişi ilə nəticələnmişdir.

Əməkdaşlıq çərçivəsində, eyni zamanda birgə təhsil proqramlarının işlənilməsi və həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Diferensial tənliklər, funskional analiz, riyazi və ədədi analiz, funskiyalar nəzəriyyəsi, riyazi fizika tənlikləri, ehtimal nəzəriyyəsi və topologiya, qaz və bərk cisim mexanikası sahəsində aparılan birgə tədqiqatlar və əldə olunan təcrübə hər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə, yeni elmi nəticələrin alınmasına, həmçinin qabaqçıl ideyaların həyata keçirilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: