Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.03.2016 13:40
  • A-
  • A
  • A+

Tarix İnstitutu ilə Kunstkamera arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Tarix İnstitutu ilə Kunstkamera arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Martın 11-də AMEA A.Bakıxanov adına Tarix İnstitutu ilə Rusiya Elmlər Akademiyasının (REA) Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyi (Kunstkamera) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və REA-nın Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin direktoru, tarix elmləri doktoru Yuri Çistov imzalayıblar.

Mərasimdə çıxış edən Y.Mahmudov Tarix İnstitutunun beynəlxalq elmi əlaqələrindən söz açıb. Bildirilib ki, bu elmi müəssisə Rusiyanın arxivləri ilə əməkdaşlıq edir. Azərbaycan-Rusiya münasibətləri tarixi şöbəsinin fəaliyyəti çərçivəsində Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin, Şimali Qafqaz və digər bölgələrinin elmi mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Bildirilib ki, Tarix İnstitutu ilə Kunstkamera arasında imzalanan müqavilə bu elmi müəssisələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Bu əməkdaşlıq iki ölkə arasında münasibətlərin mühüm tərkib hissəsidir və xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirir. Ötən ilin dekabrında Azərbaycanın tarixçi alimləri Sevinc Əliyeva, Firdovsiyyə Əhmədova, Fərəh Hüseyn Kunstkamerada araşdırma aparıb və muzeyin fondlarında Azərbaycan tarixinə, mədəniyyətinə aid materiallar aşkarlayıblar.

Əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını vurğulayan Y.Çistov bildirib ki, Kunstkamera XVIII əsrin əvvəllərindən Rusiya Elmlər Akademiyasının simvolu hesab edilir. Ölkənin ilk muzeyi olan Kunstkamera Sankt-Peterburq şəhərində yerləşir və I Pyotr tərəfindən yaradılıb.

Tədbirdə digər çıxış edənlər də Kunstkamera ilə elmi əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb, iki qurum arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: