Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Cəmil Əliyevin 70 yaşı tamam olur
28.03.2016 12:39
  • A-
  • A
  • A+

Akademik Cəmil Əliyevin 70 yaşı tamam olur

Martın 30-da görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət ordenli”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin 70 yaşı tamam olur.

Cəmil   Əliyev 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1973-cü ildə tibb üzrə fəlsəfə, 1978-ci ildə isə elmlər doktorluğu dissertasiyalarını müdafiə etmiş, 1987-ci ildə profes­sor elmi adını almışdır.

Cəmil Əliyev müxtəlif illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin elmi işçisi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1990-cı ildən etibarən isə həmin qurumun baş direktorudur.  

Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərini süd vəzisi xərçəngi, dəri, qırtlaq və digər daxili orqanların bədxassəli şişlərinin epidemiologiyası, müalicə və reabilitasiyası, süd vəzisinin bəd və xoşxassəli şişləri olan xəstələrdə B və C virusu hepatitlərinin yayılması problemi təşkil edir. Alimin əsasını qoyduğu elmi məktəbin nümayəndələri respublika və ölkə hüdudlarından kənarda uğurla fəaliyyət göstərirlər. C.Əliyevin çoxillik elmi və həkimlik fəaliyyətinin nəticələri tibb ü.e.d. İ.H.İsayevlə birgə respublikada ilk dəfə olaraq Azərbaycan dilində çap etdirdiyi, son illərdə ölkəmizdə kliniki onkologiyanın təşkilində baş verən dəyişiklikləri nəzərə alaraq hazırlanmış “Bəd xassəli şişlərin şüa müalicəsi” adlı yeni fundamental nəşrdə öz əksini tapmışdır. Onkoloji xəstələrin klinikası, diaqnostikası, şüa müalicəsi metodları, onların fəsadları, nəticələri və inkişaf yollarına həsr olunmuş bu əsər onkoloqlar, radioterapevtlər və tələbələr üçün yüksək səviyyəli vəsaitdir.

Akademik C.Əliyevin elmi tədqiqatlarının nəticələri xaricdə və respublikada çap olunmuş 500 elmi əsərdə, həmçinin 17 kitab və dərs vəsaitində, 12 ixtira və səmərələşdirici təklifdə öz əksini tapmışdır. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 8 elmlər və 45 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

O, 2000-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüş, 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının, 2010-cu ildə Gürcüstan Elmlər Akademiyasının, 2012-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə isə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik C.Əliyev respublikada və o cümlədən ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Yaponiya və s. ölkələrdə tibb elminə dair keçirilən çoxsaylı konqres, simpozium və konfranslarda onkologi­ya­nın əsas problemlərinə dair məruzələrlə çıxış etmiş, onların rəhbər orqan­larına sədr və üzv seçilmişdir. O, MDB ölkələrinin Onkoloqlar Assosiasiya­sının üzvü, Avropa Onkoloqları Assosiasiyasının üzvü, Xammel Smit Hospitalının (London Universitetinin) fəxri professoru, Azərbaycan Onkoloqlar və Radioloqlar Cəmiyyətinin sədri, AR AAK-nın Tibb üzrə Ekspert Şurasının sədri olmuşdur. 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir.

Akademik C.Əliyev 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. O, AMEA-nın “Akademik Y.Məmmədəliyev”, Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşov”, AMEA-nın “Akademik M.Mirqasımov” adına mükafatlar laureatıdır. Alim, həmçinin çoxsaylı dövlət və ictimai təşkilatların Fəxri Fərman və nişanları ilə mükafatlandırılmışdır.

C.Əliyev “Azərbaycan Tibb jurnalının”, “Sağlamlıq” jurnalının və “Биомедицина” jurnalının redaksiya heyətlərinin üzvüdür.  

Ölkəmizdə onkologiyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan görkəmli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan tibb elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: