Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Moskvada azərbaycanlı alimin 1918-ci il Şamaxı qırğınlarına həsr edilmiş monoqrafiyası çap olunub
30.03.2016 10:47
  • A-
  • A
  • A+

Moskvada azərbaycanlı alimin 1918-ci il Şamaxı qırğınlarına həsr edilmiş monoqrafiyası çap olunub

Moskvanın “Maska” nəşriyyatı tanınmış azərbaycanlı tarixçi-alim, 1918-ci il azərbaycanlıların soyqırımına dair bir sıra kitabların müəllifi, Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidinin “Şamaxıda Azərbaycan qırğınları. 1918-ci il. Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında” adlı monoqrafiyasını nəşr edib.

Monoqrafiya 1918-ci il mart-iyul aylarında Şamaxı qəzasında baş verən və 18 min dinc azərbaycanlı sakinin, o cümlədən qadın, uşaq və qocaların qətli ilə nəticələnən faciəli hadisələrə həsr olunub. Belə ki, 1918-ci il Bakıda mart hadisələri ilə eyni vaxtda başlamış bu qırğınlar zamanı erməni-bolşevik hərbi birləşmələri Azərbaycanın ən qədim şəhərlərindən olan Şamaxını tamamilə yandıraraq xarabalığa çevirib, şəhərin müsəlman əhalisinə məxsus bütün mülki binalar, məşhur Cümə məscidi və 12 məhəllə məscidləri dağıdılıb, azərbaycanlı sakinlərin əmlakı qarət və məhv edilib. Eyni zamanda Şamaxı qəzasının 110 kəndi də kütləvi qırğınlara, yanğın və qarətlərə məruz qalıb. Monoqrafiyada bütün bu hadisələrin xronologiyası izlənilir, Azərbaycan qırğınlarının arxasında duran məqsəd və səbəblər açıqlanır, onların təşkilatçıları və iştirakçılarının, ayrı-ayrı etnik-siyasi qüvvələrin və qrupların bu hadisələrdə rolu göstərilir.

Kitabda Azərbaycan hökumətinin 1918-ci il iyulun 15-də verdiyi qərarla ölkə ərazisində azərbaycanlılara qarşı törədilən zorakılıq faktlarının araşdırılması məqsədilə yaradılan Fövqəladə Təhqiqat Komissiyanın Şamaxı qəzası üzrə fəaliyyəti ayrıca tədqiq edilir. Azərbaycan xalqının tarixinə “soyqırımı” ifadəsini gətirmiş 1918-ci il qırğınlarının miqyasına və verilən qurbanların sayına görə ən faciəli səhifələrindən olan Şamaxı qırğınlarının daha geniş mənzərəsini yaratmaq üçün kitaba müəllif tərəfindən hazırlanmış ətraflı informasiyalar, Şamaxı şəhərinin və qəzasının xüsusi məzmunlu xəritələri, həmçinin tarixi fotoşəkillər daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: