Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2016 14:19
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Bölməsində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda elmi konfrans keçirilib.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra bölmənin sədri, akademik İsmayıl Hacıyev ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi haqda ətraflı məlumat verib. Bildirib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb. “Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilər Bakıda və Azərbaycanın bir çox bölgələrində əhaliyə amansız divan tutub, talanlar törədiblər.

Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi Azərbaycan tarixində qanlı səhifələr açıb.

Qeyd edilib ki, uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.

Akademik İ.Hacıyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırılması istiqamətində bölmənin əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşdüyünü vurğulayıb. Bildirib ki, bölmə əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda İnternet vasitəsilə təbliğat aparmalıdırlar.

Konfransda Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “XX əsrdə Azərbaycanlılara qarşı törədilən soyqırımların mahiyyəti”, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Böyük geosiyasətin məngənəsində”, aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev “Soyqırım-milli faciəmizdir”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev “Mart soyqırımının pərdəarxası tərəfləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “XIX-XX əsrlərdə yer adlarımıza qarşı aparılmış soyqırım” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda erməni vəhşiliklərini əks etdirən “31 Mart - Azərbaycanlıların Soyqırımı” adlı videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: