Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2016 12:28
  • A-
  • A
  • A+

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Aprelin 1-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirilib.

Tədbirdə bu elmi müəssisənin direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu ölkəmizdə Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısından söz açıb, “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində institutda görülən işlərdən danışıb. Bildirib ki, Dövlət Proqramı əsasında Dilçilik İnstitutunda monitorinq şöbəsi yaradılıb. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur. 

Ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcud problemlər və yol verilən xarakterik nöqsanlar barədə danışan M.Nağısoylu bu sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini qeyd edib.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli bildirib ki, orta məktəb dərslikləri ədəbi dilin, şagirdlərin nitq mədəniyyətinin, onların dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Buna görə də dərsliklər elmi üslubda, şagirdlərin anlaya və qavraya biləcəkləri dildə yazılmalıdır.

Konfransda filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov 8-ci sinif “İnformatika”, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov 8-ci sinif “Azərbaycan dili” və Pərvin Eyvazov 7-ci sinif “İnformatiya” dərslikləri üzrə aparılan monitorinqlərin nəticələrini diqqətə çatdırıblar.

Tədbirdə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib, suallar cavablandırılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: