Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
11.04.2016 11:11
  • A-
  • A
  • A+

Azərbaycan alimi Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

İstanbulda Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi və Atatürk Araşdırma Mərkəzinin birlikdə təşkil etdiyi “Diplomatiya və xarici siyasət məsələlərinin araşdırılmasında arxivlərin rolu” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Türkiyə, Azərbaycan, Almaniya, Hollandiya, Rumıniya, Rusiya, İspaniya, Portuqaliya və digər ölkələrdən görkəmli tarixçilərin qatıldıqları simpoziumda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən, professor Musa Qasımlının “SSRİ-nin Ankaradakı səfiri Suritsin 1923-cü ildə Mərkəzə göndərdiyi məktublarında Türkiyənin xarici siyasət məsələləri” mövzusunda məruzəsi dinlənilib.

İlk mənbələr əsasında hazırlanmış və böyük maraq doğuran məruzədə 1923-cü il Lozan konfransında SSRİ və Türkiyə arasında münasibətlərdə soyuqluq yarandıqdan sonra sovet hökumətini narahat edən məsələlər - Türkiyənin xarici siyasətinin necə olacağı, Antanta ölkələri ilə yaxınlaşaraq Azərbaycan nefti üçün təhlükə yaradıb-yaratmayacağı, azərbaycanlı antisovet qüvvələrə yardım edib-etmədiyi, Ankaranın bu ölkələrlə yaxınlaşmasının qarşısını almaq üçün sovet dövlətinin iqtisadi, siyasi və diplomatik sahələrdə hansı tədbirlər ala bilməsinin mümkünlüyü, Suritsin Türkiyə Böyük Millət Məclisinin informasiya idarəsinin rəisi Əhməd bəy Ağayev ilə keçirdiyi görüşlərinə dair məlumatlar və digər məsələlər təhlil edilib. Sovet səfiri yazırdı ki, SSRİ-yə güclü Türkiyə lazımdır, Türkiyənin zəifləməsi Antanta ölkələrini Bakı neftinə yaxınlaşdıra və Moskva üçün təhlükə yarada bilər. Eyni zamanda, səfir qeyd edib ki, Türkiyə sovetlərə qarşı heç bir düşmənçilik siyasəti yürütmür, mürəkkəb beynəlxalq şəraitdə çevik siyasət aparır.

Məruzədə İrəvandakı Türkiyə səfirliyinə Ermənistan təhlükəsilzik əməkdaşlarının hücumunun sovet-türk münasibətlərini pozmağa yönəldiyinə və bu hadisənin türk ictimai rəyinə necə təsir etməsinə dair sovet səfirinin fikirləri də təhlil edilib. M.Qasımlı deyib ki, yaranmış soyuqluğa baxmayaraq, hər iki ölkə qarşılıqlı maraqları əsas götürüblər, nəticədə, 1925-ci il dekabrın 17-də Parisdə hücum etməmək və bitərəflik haqqında pakt imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: