Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin üzv olduğu tədqiqat qrupu tükənməz enerji mənbələri yaratmağa çalışır
12.04.2016 15:05
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin üzv olduğu tədqiqat qrupu tükənməz enerji mənbələri yaratmağa çalışır

Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində beynəlxalq tədqiqat qrupları Günəş işığı və suyun köməyi ilə praktiki olaraq tükənməz enerji mənbələri yaratmağa çalışıblar.

Bu yaxınlarda nüfuzlu, impakt faktoru 46.658 olan (impakt faktorlu jurnalların siyahısında jurnal II yer tutur) Chemical Reviews jurnalında bu haqda məlumat dərc olunub. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, professor Süleyman Allahverdiyev bu tədqiqatları həyata keçirən beynəlxalq alimlər qrupunun üzvlərindəndir.

Aparılan tədqiqatın müəllifləri göstəriblər ki, fotosintez prosesində suyun oksidləşməsi üçün ən effektli katalizator rolunu təbiətdə geniş yayılmış manqan kompleksi oynaya bilər. Təbii fotosintez vasitəsilə işıq enerjisinin kimyəvi enerjiyə çevrilmə əmsalı 90% -dən yüksəkdir. Günəş batareyalarında bu əmsal orta hesabla 16% təşkil edir ki, bu təbii üsul da süni üsuldan 6 dəfə effektlidir. Lakin süni fotosintez sistemləri yaratmaq üçün təbii fotosintez proseslərinin incəliklərini molekulyar səviyyədə anlamaq və süni fotosintetik elementlər (cells) quraşdırmaq lazımdır. Fotosintezin mərhələlərindən biri – suyun parçalanma prosesidir. Bu proses təbii katalizatorlar vasitəsilə tənzimlənir. Müəlliflər dəfələrlə müxtəlif komplekslər sintez edib və onların effekliyini təbii manqan klasterinin işi ilə müqayisə ediblər. Aparılan tədqiqatlar və bu sahədə başqa müəlliflərin də işlərinin analizi nəticəsində müəlliflər ən yaxşı katalizatorun təbiətin özünün seçdiyi – manqan katalizatoru olduğu nəticəsinə gəliblər.

Qeyd edək ki, S. Allahverdiyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib və ilk əmək fəaliyyətinə Əkinçilik ET İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi laboratoriyada başlayıb. Bu laboratoriyada onun fotosintez prosesi ilə bağlı tədqiqatlarının əsası qoyulub. Hazırda Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiyası İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri, REA Biologiyanın Fundamental Problemlər İnstitutunun baş elmi işçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professorudur.  

Alimin əsas fəaliyyət istiqamətlərini II fotosistemin quruluş və funksiyaları, suyun oksidləşmə kompleksi, süni fotosintez, hidrogenin sintezi, günəş enerjisinin katalitik çevrilməsi, ətraf mühitin stress amillərinin təsiri altında bitkilər və fotoreseptorlarda siqnal mübadiləsi və s. təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: