Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərəfli alim ömrü
14.04.2016 09:16
  • A-
  • A
  • A+

Şərəfli alim ömrü

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, bitki fiziologiyası sahəsində respublikada və beynəlxalq miqyasda tanınmış alim Validə Əlizadənin anadan olmasının 70, elmi fəaliyyətinin 45 ili tamam olmuşdur.

Validə Mövsüm qızı Əlizadə 1946-cı ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmiş, 1969-1971-ci illərdə Moskva şəhərində SSRİ EA K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun aspiranturasında təhsil almışdır. 1974-cü ildə bitkilərin qidalanması problemləri üzrə tanınmış alim, professor D.B.Vaxmistrovun rəhbərliyi altında “Bitki fiziologiyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmə olan böyük həvəsi onu tədqiqatlarını davam etdirməyə və daha da dərinləşdirməyə sövq etmişdir. 1994-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.                                 Elmi fəaliyyətinə 1972-ci ildə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda kiçik elmi işçi kimi başlayan V.Əlizadə 1996-cı ildə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. 1995-ci ildən institutun “Bitki fiziologiyası” (hazırkı “Eksperimental botanika”) şöbəsinə ictimai əsaslarla rəhbərlik edir. O, 2010-2011-ci illərdə Botanika İnstitutunun direktoru vəzifəsini icra etmiş, 2011-ci ilin dekabr ayından institutun direktoru seçilmişdir. 2014-2015-ci illərdə Validə xanıma AMEA Mərkəzi Nəbatat Bağına rəhbərlik etmək kimi məsuliyyətli vəzifə də tapşırılmışdır. 

Alim Azərbaycan botanika elminə dəyərli töhfələr vermişdir. Ekoloji tarazlığın pozulmasına səbəb olan müxtəlif stress amillərinin təsiri, ağır metallarla çirklənmə şəraitində bitkilərin formalaşması, onların davamlılıq mexanizmlərinin aydınlaşdırılması, bioindikasiya və remediasiyada yerli floranın bəzi növlərinin rolunun tədqiqi onun elmi fəaliyyətinin əsasını təşkil edir. Araşdırmalarında morfometrik, elektrofizioloji və biokimyəvi yanaşmalardan istifadə etməklə müxtəlif stress amillərinə qarşı adaptasiya prosesində bitkilərin funksional strukturunun dəyişilməsini kompleks şəkildə öyrənməklə bir sıra əhəmiyyətli nəticələrə nail olmuşdur. Alim bitkilərin kök hüceyrələrində elektrogenezin formalaşmasında və ion nəqliyyat sistemində hormonal və ion tənzimləyici mexanizmlərin qanunauyğunluqlarını, həmçinin stress zamanı kalium nəqlinin hərəkətverici qüvvəsinin inkişafında sitokininlərin müdafiə rolunu aşkarlamışdır. 

2001-ci ildən başlayaraq AMEA Botanika İnstitutunun istiqamətləri akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəngin biomüxtəlifliyinin öyrənilməsinə və mühafizəsinə yönəldilmişdir. Bu sahədə V.Əlizadə müxtəlif beynəlxalq elmi proqramlarda iştirak etmiş, dəfələrlə xarici həmkarlarla müştərək elmi tədqiqatların milli koordinatoru olmuşdur. 

V.Əlizadə 2003-cü ildən ABS-ın Nyu York Botanika Bağının Qafqaz üzrə floristik və fitokimyəvi proqramının təşkilatçısı və eksperti, 2006-ci ildən Təbiətin Qorunması üzrə Beynəlxalq Birliyin (İUCN) milli eksperti kimi Qafqazın, xüsusilə də Azərbaycanın fitomüxtəlifliyinin qorunmasına yönəlmiş regional proqramların iştirakçısı və rəhbəridir. 2008-ci ildən Qafqaz Bitkilərinin Qırmızı Siyahısı (İUCN SSC) üzrə mərkəzinin milli koordinatoru kimi Qafqazın endem bitkilərinin Qırmızı Siyahısının qiymətləndirilməsi və işlənib hazırlanmasında iştirak edir. Qafqazın bitki örtüyünün müasir beynəlxalq standartlara uyğun tədqiqi istiqamətində 2006-2009-ci illərdə Missuri Botanika Bağının Qafqaz endem bitki növlərinin biomüxtəlifliyin qorunmasına yönəldilmiş, 2009-cu ildən Almaniyanın Berlin Botanika Bağı və Botanika Muzeyinin “Qafqazda bitki müxtəlifliyi üzrə təşəbbüs” və 2012-ci ildən İngiltərənin Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı ilə “Azərbaycanın yabanı bitkilərinin toplanması” və Qlobal Bitki təşəbbüsü (2013-2015) elmi proqramlarına milli koordinator kimi cəlb edilmişdir. Hazırda V.Əlizadə Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasət Platformasının (İPBES) işçi proqramının həyata keçirilməsini dəstəkləmək üçün Avropa və Mərkəzi Asiya üzrə Multidisiplinar Ekspert Qrupu tərəfindən aparıcı ekspertidir.

Son 20 il ərzində Validə Əlizadə əsas diqqəti biomüxtəlifliyin qorunması və davamlı inkişafı problemlərinin həllinə yönəltmişdir. 

Qeyd etmək yerinə düşər ki, 2013-cü ildə “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan 300 bitki və göbələk növlərini əhatə edən “Qırmızı Kitab”ın 2-ci nəşrinin çapa hazırlanması kimi dövlət əhəmiyyətli iş akademik Cəlal Əliyevin rəhbərliyi ilə yerinə yetirilmişdir. Məhz onun dəstəyi və V.Əlizadənin Botanika İnstitutunda təşkilatçılığı və bu nəşrin məsul redaktoru kimi fəaliyyəti sayəsində kitab işıq üzü görmüşdür. Validə xanım eyni zamanda, ingilis dilində 2014-cü ildə ABŞ-da nəşr edilmiş “Qafqazın endem bitkilərinin Qırmızı Siyahısı” monoqrafik əsərin Azərbaycana aid hissəsinin müəllifidir. Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması, davamlı inkişafı və istifadəsi istiqamətində müxtəlif beynəlxalq elmi təşkilatlarla imzalanmış memorandumlar, müqavilələr və razılaşmalar çərçivəsində Botanika İnstitutunda son 10 ildə həyata keçirilən tədbirlər bu baxımdan çox əhəmiyyətlidir.

Ötən ildən başlayaraq “Qırmızı Kitab”a adları düşən nadir və nəsli kəsilməkdə olan yabanı növlərin qorunması istiqamətində V.Əlizadənin rəhbərliyi altında Riyaziyyat və Mexanika İnstitutu ilə birlikdə “Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” mövzusunda sahələrarası elmi-tədqiqat layihəsi də həyata keçirilir. İnstitutun Elektron Məlumat Bazasının (EMB) ilkin informasiya daşıyıcısı “Azərbaycanın nadir və endem bitkilərinin elektron-məlumat bazası”dır. Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri haqqında 28 parametr üzrə bölünmüş və formalizə edilmiş məlumatlar yer alır. EMB-nin hazırkı informasiya massivi Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan 300 nadir növdən 100 bitki növü haqqında geniş məlumatları özündə cəmləşdirir.

İnstitutda Validə Əlizadənin rəhbərliyi altında populyasiya-ontogenetik analizi üçün nadir bitkilərin siyahısı tərtib olunmuş, populyasiyaların ontogenetik strukturunun kompleks parametrlərinin müəyyənləşdirilməsinə yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanmışdır. İlk dəfə respublikada Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilmiş, AMEA Elmi İnnovasiyalar Mərkəzi və Riyaziyyat İnstitutu əməkdaşları tərəfindən yaradılmış dinamik məlumat bazasına daxil edilmişdir. 

2015-ci ildə V.Əlizadənin təşəbbüsü ilə institutda 2 beynəlxalq laboratoriya təsis edilmişdir: Almaniyanın Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik Departamenti ilə əməkdaşlıqda “Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyası Azərbaycanda Biomüxtəlifliyin Mühafizəsinin Milli Strategiyası və Bitkilərin Qorunmasının Qlobal Strategiyasının (GSPC 2011-2020) həyata keçirilməsinə istiqamətləndirilmişdir. Bu laboratoriya biologiya elminin ən aktual məsələlərindən biri kimi, iqlimin təsiri ilə bitki müxtəlifliyində baş verən dəyişiklikləri, onların adaptasiya potensialı və davamlı inkişafını sənədləşdirməyə imkan yaradacaq. 

Görkəmli alim 2013-cü ildən Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA-CAC) ilə birlikdə həyata keçirilən “Aral və Xəzər dənizi hövzələrinin az məhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda müştərək layihə üzrə milli koordinator təyin edilmişdir. 

AMEA Botanika İnstitutunda Azərbaycanın və digər ölkələrin florasını, həmçinin ilk dəfə elm üçün respublikamızın ərazisində təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır. V.Əlizadənin səyi nəticəsində imzalanmış uzunmüddətli memorandum əsasında Almaniyanın Volksvagen Fondunun dəstəyi ilə 2012-2014-cü illərdə müştərək həyata keçirilən layihə çərçivəsində Botanika İnstitutunun Herbari Fondunun infrastrukturu yenilənmiş, qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılmışdır. Hazırda Herbari fondu növlərinin rəqəmsallaşdırılması və virtual Avropa məlumat bazasına qoşulma üzrə işlər davam etdirilir. Fondun müasir standartlara cavab verən ən son avadanlıqlarla təchiz edilməsi tip nümunələrinin beynəlxalq şəkildə onlayn istifadəsinə geniş imkanlar yaratmışdır. 

Validə Əlizadə 1994-cü ildən Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2009-2010 və 2015-2016-cı illərdə sədri təyin edilmişdir. 1994-2000-ci illərdə və 2010-cu ildən indiyədək “Azərbaycan MEA-nın Xəbərləri” (Biologiya və tibb elmləri) jurnalının redaksiya heyətinin, 1997-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. 2010-cu ildən “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Milli Komitəsinin, 2013-cü ildən isə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvüdür. 

Bunlardan əlavə, o, 1996-cı ildən Azərbaycan Botaniklər Cəmiyyətinin, Azərbaycan və Rusiya bitki fizioloqları və biofizikləri cəmiyyətlərinin, 2002-ci ildən isə Avropa Bitki Fizioloqları Cəmiyyətinin üzvüdür. 1997-1998-ci və 2015-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində dövlət imtahanı komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Validə xanım 200-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiya, 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Alimin elmi rəhbərliyi altında 5 fəlsəfə və 1 elmlər doktorluğu üzrə dissertasiya işləri müvəffəqiyyətlə müdafiə olunmuş, 2 fəlsəfə doktoru və 1 doktorluq dissertasiya işi isə müdafiəyə hazırdır. Xarici ölkələrdə keçirilmiş müxtəlif tədbir və müşavirələrdə daim iştirak edən və ingilis dilini mükəmməl bilən alim qonşu ölkələrdən olan “qərəzkarları”n Qafqazda “hökmranlıq” haqqında bədnam siyasətinə qarşı münasibət bildirərək obyektiv, elmi və tarixi faktlara əsaslanan tutarlı cavabları ilə onları dəfələrlə susdurmuşdur. 

V.Əlizadənin elmi və pedaqoji fəaliyyəti ölkə rəhbəri və AMEA-nın rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Azərbaycanda biologiya elminin inkişafında, elmi-pedaqoji və təşkilatçılıq sahəsində nümunəvi xidmətlərinə görə dəfələrlə AMEA-nın fəxri fərmanları ilə təltif edilmişdir. Görkəmli alim 1993-cü ildə elmi nailiyyətlərinə görə Beynəlxalq Elm Fondunun fərdi qrantını almışdır.

V.Əlizadə həyat yolunun 70-ci ilini böyük ruh yüksəkliyi və yeni elmi ideyalarla qarşılayır və azərbaycanlı gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə töhfələr verməyi həyatının ən mənalı anları hesab edir və bundan qürur duyur.

İradə Hüseynova, AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik

Eldar Novruzov, AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru

"Azərbaycan" qəzeti, 14 aprel 2016-cı il

  • Paylaş: