Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2016 19:12
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Akademiyanın Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Sonra АМЕА Coğrafiya İnstitutunun Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov “Azərbaycan Respublikası ərazisində Günəş enerjisindən optimal istifadənin elmi əsasları” mözusunda məruzəsini təqdim etdi. Bildirdi ki, “Günəş radiasiyasının riyazi modeli” özündə elmi yeniliklər ehtiva edir. Belə ki, baxılan nöqtədə Günəşin zenit və azimut bucaqları Yerin Günəş ətrafında orbital hərəkətini ifadə edən Kepler tənliyininin bilavasitə yüksək dəqiqliklə həlli əsasında tapılır. “Relyef funksiyası” daxil edilərək baxılan nöqtəni əhatə edən relyefin Günəşin qarşısını kəsməsi amili dəqiq nəzərə alınır.

Alimin sözlərinə görə, riyazi modelin korrektliyi Azərbaycanın dağlıq bölgələrində aparılmış xüsusi eksperimentlərlə təsdiqlənir. Ölkə ərazisində bu model üzrə hesablamalardan əldə edilmiş Günəş radiasiyasının paylanması daha yüksək məkan və zaman ayırdetməsinə sahibdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. YEB məruzəni qənaətbəxş hesab edərək tədqiqatların nəticələrindən müvafiq qurumlar və fiziki şəxslərin faydalana bilməsi məqsədilə “Azərbaycanın Günəş Enerjisi ATLASI” veb-saytının yaradılması barədə qərar qəbul etdi. Qeyd olundu ki, “Günəş panellərinin yerinin və yönünün optimal seçimi” üçün hazırlanmış proqram paketi standartlara uyğunlaşdırılsın.

 Daha sonra F.Qədirov bu yaxınlarda Akademiyanın elmi bölmələrinin veb-saytlarının ictimaiyyətə təqdim olunduğunu xatırlatdı. Alim YEB-in veb-saytına məsul şəxs kimi Səid Hüseynovun namizədliyinin irəli sürüldüyünü diqqətə çatdıraraq qeyd etdi ki, S.Hüseynov bu sahədə kifayət qədər bilik və təcrübəyə malikdir.

İclasda, AMEA Neft və Qaz İnstitutunun strukturunun təsdiqi, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin tərtib etdiyi “Geokimya terminlərinin izahlı lüğəti”nın çapa tövsiyyə edilməsi, “Xəritəçilik və coğrafi informasiya” şöbəsinin baş laborantı Samir Vəlizadənin Türkiyə İstanbul Texniki Universitetinə ezam olunması, 2015-ci ildə impakt faktorlu jurnallarda YEB-in məqalələrinin nəşr vəziyyəti və digər cari məsələlərə dair fikir mübadiləsi aparıldı. Həmçinin Coğrafiya İnstitutunun elmi katibi vəzifəsinə və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor, direktor müavini, elmi katib vəzifələrinə namizədlərin təqdimat məsələsi müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: