www.science.az
16.01.2014 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

 

Bu gün AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, iqtisadiyyat üzrə elmlər doktoru, professor Fərman Qasımov həmin dövrdə cərəyan edən hadisələri yada salaraq, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışdı. Qeyd etdi ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu qıra bilmədi.

20 Yanvar hadisəsinə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz onun hakimiyyətə qayıdışından sonra bu faciəyə tam siyasi-hüquqi qiymətin verildiyini söyləyən F.Qasımov bu faciəni Azərbaycan xalqının milli azadlıq mübarizəsinin şərəf günü kimi qiymətləndirdi.

İnstitutun direktor müavini, iqtisadiyyat üzrə elmlər doktoru, professor Tərbiz Əliyev həmin gün ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətindən söz açdı. O, 1990-cı ilin yanvar qırğınının xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını bildirdi.

Bu gün ölkəmizin iqtisadi cəhətdən suveren bir dövlət kimi inkişaf etdiyini vurğulayan T.Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərdiyini söylədi. Bu istiqamətdə mühüm sənədlərin imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, ölkə prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirən biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını vurğuladı.Əlavə etdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizəsini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Bu faciə bir daha göstərdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.Tədbirdə çıxış edən iqtisadiyyat üzrə elmlər doktoru, professor Rauf Cəbiyev, institutun Həmkarlar İttifaqının sədri Sevinc Rüstəmova 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən söz açdılar.Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək qanlı faciə zamanı həlak olanların məzarları üzərinə gül dəstələri qoydular.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.