Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2016 16:35
  • A-
  • A
  • A+

Bakı Avropa liseyində "Elm guşəsi"nin açılışı olub

Bakı Avropa liseyində "Elm guşəsi"nin açılışı olub

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Kimya Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Bakı Avropa liseyində "Elm guşəsi"nin açılışı olub.

Açılış mərasimində çıxış edən Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev məktəblilərlə Akademiyanın tanınmış alimlərinin görüşünü təşkil etdiyinə görə Bakı Avropa liseyinin rəhbərliyinə AMEA Rəyasət Heyəti adından minnətdarlığını bildirib. Akademik liseydə bölmənin fəaliyyətini əks etdirən "Elm guşəsi"nin yaradılmasının elmlə təhsilin inteqrasiyasına xidmət etdiyini, şagirdlərin Elm Guşəsində toplaşaraq elmlə bağlı müzakirələr aparmaq imkanı qazandıqlarını vurğulayıb. Akademiyanın neçə illərdir ki, elmlə təhsilin inteqrasiyasına nail olmağa çalışdığını, bu istiqamətdə artıq AMEA-nın elmi müəssisələrində baza kafedraları yaradıldığını, həmçinin magistratura pilləsinə qəbulun həyata keçirildiyini deyən akademik Azərbaycan elminin inkişafının da məhz bu vəhdətdən asılı olduğunu diqqətə çatdırıb. D.Tağıyev Akademiyanın elmi müəssisələrində mütəmadi olaraq məktəblilər üçün "Açıq qapı" günlərinin təşkil edildiyini və bunun məktəblilərdə böyük marağa səbəb olduğunu xüsusilə qonaqların nəzərinə çatdırıb.

Sonra liseyin direktoru Aygün Mikayılova Bakı Avropa liseyi ilə AMEA arasında yaradılmış əməkdaşlığa görə Akademiyanın prezidenti, akademik Akif Əlizadəyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, belə layihələr yaxın gələcəkdə fundamental, təbiət, texniki elmlər və yüksək texnologiyalar üzrə ixtisaslaşan gənc mütəxəssislərin sayının artmasına kömək edəcək, insanlarda elmə marağın artırılmasına təkan verəcək.

Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bildirib ki, bu layihə şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk layihə deyil. Təhsillə elmin vəhdətinin zəruriliyindən danışan sədr yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə "Bu günün şagirdi, sabahın alimi", "Əyləncəli-öyrədici təcrübələr" və bir çox layihələr çərçivəsində müsabiqə, bilik yarışı və seminarların təşkil edildiyini söyləyib. Qeyd edib ki, bu cür tədbirlər istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasında, dəstəklənməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək şagirdlərə çalışdıqları elm sahələrinə dair məlumat veriblər.

Açılış mərasiminin rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası və Kataliz və Qeyri-üzvi Kimya institutları haqqında əyani vəsaitlərin yer aldığı Elm Guşəsi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: