Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

BANM-in vasitəçiliyi ilə yaradılan əlaqələr gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yaradır
05.05.2016 17:37
  • A-
  • A
  • A+

BANM-in vasitəçiliyi ilə yaradılan əlaqələr gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yaradır

Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler və Əbu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl-Həcri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli ilə görüşüblər.

Görüşdə akademik İsa Həbibbəyli Azərbaycan ilə BƏƏ arasında təhsil, iqtisadiyyat və digər sahələrdəki əməkdaşlıqdan söz açıb.

Prezident İlham Əliyevin iki ölkə arasındakı əlaqələrin genişlənməsinə xüsusi diqqət ayırdığını vurğulayan İ.Həbibbəyli BANM-də qısa zaman ərzində böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Akademik bu ali məktəbdə neft-qaz, kimya və avtomatika sahəsində yüksək səviyyəli mütəxəssislərin cəmləndiyini qeyd edib, iki ali təhsil ocağı arasındakı əməkdaşlığın faydalı olacağını bildirib.

İ.Həbibbəyli, həmçinin AMEA-nın nəzdində neft-kimya, kibernetika, idarəetmə sistemləri sahəsində bir çox elmi-tədqiqat müəssisələrinin fəaliyyət göstərdiyini və BANM-in vasitəçiliyi ilə yaradılan bu əməkdaşlığın gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yarada biləcəyini söyləyib.

BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin və Əbu Dabi Neft İnstitutunun yaradılmasında oxşar məqsəd və hədəflərin qarşıya qoyulduğunu, hər iki ali təhsil müəssisəsinin öz ölkəsi üçün uğurlu sosial layihə olduğunu söyləyib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Əbu Dabi Neft İnstitutunun rektoru görüşdən məmnunluğunu ifadə edib. Qonaq BANM ilə əldə olunmuş razılaşma əsasında tələbə-müəllim mübadiləsinin gələcəkdə elmi-tədqiqat sahəsində inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə, həmçinin təhsil əlaqələrinin inkişafı və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: