Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada Dövlət mükafatına təqdim olunmuş əsərin müzakirəsi keçirilib
05.05.2016 17:40
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Dövlət mükafatına təqdim olunmuş əsərin müzakirəsi keçirilib

Mərkəzi Elmi Kitabxanada əməkdar mədəniyyət işçisi, “Azərbaycan” nəşriyyatının şöbə müdiri İradə Ələsgərovanın Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunmuş “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” adlı monoqrafiyasının müzakirəsi olub.

Təqdimatda MEK-in direktoru Leyla İmanova iştirakçılara minillik kitab tərtibatı tariximizi əhatə edən əsərin əhəmiyyətindən danışıb. İradə Ələsgərovanın 2015-ci ildə işıq üzü görmüş "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" monoqrafiyasını bədii və texniki tərtibat mövzusunda Azərbaycan dilində ilk nəşr olaraq yüksək qiymətləndirib. Müvafiq sahədə xeyli qüsurların olduğunu diqqətə çatdıran Leyla İmanova monoqrafiyanın bu sahədə ilk əsaslı elmi-tədqiqat işi sayıldığını deyib.

Daha sonra çıxış edən əməkdar mədəniyyət işçisi İradə Ələsgərova nəşrin texniki tərtibat xüsusiyyətlərindən söz açıb. Kitabda bədii tərtibat üsullarının geniş təsnifatının verildiyini qeyd edib.

Müəllifin sözlərinə görə dərs vəsaitində kitabın kompozisiya və bədii poliqrafik forması, daxili elementlərin kompozisiyası, illüstrasiyaların növləri və rolu, format anlayışının kitab tərtibatında yeri haqqında da məlumat verilib. İradə Ələsgərova xüsusilə azyaşlı məktəblilər üçün nəşr olunan dərsliklərdəki tərtibat yalnışlıqları, rəng uyğunsuzluqları və başqa bu kimi oxucularda narahatlıq yaradan mövcud qüsurlardan ətraflı bəhs edərək, müəllifi olduğu kitabın bu sahədə rast gəlinən stereotipləri aradan qaldıracaqğına inandığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Məlikzadə çıxışında kitab haqqındakı fikirlərini bölüşərək sözügedən nəşrdə Azərbaycan kitabının yazı yaranandan 2010-cu ilə qədər keçdiyi tarixi yolu pillə-pillə izlənildiyini bildirib. Yazıçının fikrincə monoqrafiyada maraq doğuran məqamlar müəllifin iddia etdiyi kimi cəmiyyətdə yazar, redaktor və naşirlərin statusunun daha da yüksəlməsinə, onların ictimai rəyə təsir imkanlarının genişlənməsinə xidmət edəcək.

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Ellada Umudlu və “Göyərçin” jurnalının baş rəssamı İlqar Mehdiyev də Azərbaycan kitabının bədii və texniki tərtibat məsələlərinin ətraflı araşdırılıb təhlil edildiyi bu əsəri kitab mədəniyyətimiz üçün çox gərəkli və aktual tədqiqat işi kimi qiymətləndirərək, onun həm tələbələr, həm də kitabşünas və mütəxəssislər üçün faydalı bir vəsait olduğunu qeyd ediblər.

Sonda kitab əsasında təlim və seminarların həyata keçirilməsi, onun Milli Rəqəmsal Yaddaşa salınması və dövlət mükafatına təqdim olunmasının dəstəklənməsi məsələləri ilə bağlı təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: