Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2016 17:23
  • A-
  • A
  • A+

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü sözün geniş mənasında ümumxalq bayramı kimi qeyd edilməkdədir.

Bu gün ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada böyük öndər Heydər Əliyevin silinməz, parlaq izi olmasın. Ulu öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə də göstərdiyi diqqət onun yorulmaz fəaliyyətinin nəzəri xüsusi cəlb edən və ayrıca araşdırılmağa layiq olan istiqamətlərindəndir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində mayın 10-da keçirilmiş tədbir dahi rəhbər Heydər Əliyevin bütün ömrü boyu sənətə və sənət xadimlərinə əsirgəmədiyi qayğıya həsr edilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov ulu öndərin xalqımızın mənəvi sərvətlərinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərindən söz açıb. Ümummilli liderin muzeyə həmişə xüsusi qayğı ilə yanaşdığını söyləyən akademik R.Hüseynov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana yenidən qayıdışından sonra onun ilk ziyarət etdiyi yerlərdən birinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olduğunu söyləyib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev istər Azərbaycan ədəbiyyatının klassikləri Nizaminin, Nəsiminin, Füzulinin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, istərsə də yeni dövrün görkəmli şair və yazıçılarının əsərlərinin nəşri, ölkəmizin hüdudlarından kənarda təbliği, istərsə də yubiley mərasimlərinin keçirilməsi, abidələrinin ucaldılması, xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Bununla da ulu öndər bir tərəfdən ölkəmizin və xalqımızın dünyada daha yaxından tanınmasına, digər tərəfdən millətimizin mənəvi baxımdan daha da zənginləşməsinə etibarlı zəmin yaratmışdır.

Muzeydə hazırlanmış 8 lövhədən ibarət sərgi ümummilli lider Heydər Əliyevin 30 ildən artıq müddətdə Azərbaycan ədəbiyyatı və incəsənətinə verdiyi töhfələrin mənzərəsini fotoşəkillərin, sənədlərin dili ilə əyani şəkildə nümayiş etdirir.

Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli “Heydər Əliyev və dil siyasəti”, professor Kamil Allahyarov “Heydər Əliyev türkdilli xalqların ədəbiyyatının hamisi kimi”, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Heydər Əliyev: poeziya sevgisi” və muzeyin  elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Heydər Əliyev və ədəbiyyat” mövzusunda məruzələrlə çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: