Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2016 10:29
  • A-
  • A
  • A+

Azərbaycanda arxeoloji qazıntıların nəticələri barədə sərgi və seminarı yapon alimləri böyük maraqla qarşılayıb

Azərbaycanda arxeoloji qazıntıların nəticələri barədə sərgi və seminarı yapon alimləri böyük maraqla qarşılayıb

Azərbaycanın Tovuz rayonunda və Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji qazıntıların nəticələri barədə Yaponiyanın Tokio Universitetində təşkil edilən “Qafqaz neoliti” adlı seminar və arxeoloji materiallardan ibarət sərgi yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi və seminarın Tokio Universiteti Muzeyinin yaradılmasının 20 illik yubiley tədbirləri ilə eyni vaxta təsadüf etməsi həmin araşdırmalarla daha geniş elmi və ictimai auditoriyanın tanış olmasına şərait yaradıb. Yubiley tədbirində çıxış edən AMEA Arxeologiya və Etnoqrafiyası İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev muzeyin nəzdində yaradılmış yeni laboratoriyanın gələcəkdə radiokarbon analizlərin aparılmasında mühüm rol oynayacağını bildirib.

Ertəsi gün Azərbaycan və Yaponiya arxeoloqlarının birgə araşdırmalarına həsr olunmuş elmi seminarı açan Tokio Universitetinin professoru Yoşihiro Nişiaki bildirib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiyası İnstitutu 2008-ci ildən etibarən Tovuz bölgəsində Yaponiyanın Tokiyo Universiteti ilə birlikdə neolit dövrü (e.ə.VI minillik) tayfalarının məskunlaşma prosesləri mövzusunda arxeoloji araşdırmalar aparır. Həmin tədqiqatların nəticələrini yüksək qiymətləndirən professor, onların elmi əhəmiyyətini xüsusi vurğulayıb. Seminarda Naqoya Universitetinin professoru Seyci Kodavaki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev və Səfər Aşurov məruzələrlə çıxış ediblər.

Məruzələrdə müştərək beynəlxalq tədqiqatlar zamanı Göytəpə və Hacıəlləhmanlı arxeoloji komplekslərindən tapılmış maddi mədəniyyət nümunələrinın əsasında ən qədim dövrdə Azərbaycanda və ümumən regionda neolit dövrü mədəniyyətinin mənşəyi və yayılması ilə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, burada ən qədim erkən neolit kəndlərinin xronoloji çərçivəsinin təyin olunması ilə bağlı 50-dən artıq radiokarbon analiz aparılıb və dünyanın nüfuzlu elmi jurnallarında məqalələr dərc olunub.

Səfər Aşurovun məruzəsi isə son araşdırmaların fonunda Kür-Araz ilk tunc dövrü mədəniyyətinə həsr edilib. Məruzədə Kür-Araz ovalığı boyunca yerləşən tayfaların yaratdığı mədəniyyətin Azərbaycanda və ümumən Qafqazda, həmçinin Orta Şərqdə geniş yayılması barədə məlumat verilib. Naxçıvanda aparılan araşdırmalar nəticəsində qeyd olunan mədəniyyət abidələrinin digərlərindən fərqliliyi və daha erkən mərhələyə aid olduğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: