Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2016 13:39
  • A-
  • A
  • A+

Akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olundu

Akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olundu

Bu gün AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, böyük alim Tofiq Hacıyev XX əsrdə Azərbaycanda böyük dilçilik məktəbinin yaradıcılarından biridir. Akademik İsa Həbibbəyli qeyd etdi ki, T.Hacıyev dilçiliyin bütün sahələri ilə məşğul olmuş və mühüm elmi nailiyyətlərə imza atmışdır. Onun elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuş, əsərləri beynəlxalq səviyyədə sanballı elmi mənbə kimi istifadə edilmişdir. Alim 1962-ci ildə "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, T.Hacıyevin namizədlik dissertasiyası türkologiya tarixinə Azərbaycan dilçiliyində keçid şivələri haqqında ilk elmi iş kimi düşmüşdür. Onun ədəbi dilimizin çoxəsrlik tarixinə həsr olunmuş iki cildlik “Azərbaycan dilinin tarixi”, “Azərbaycan dilinin taleyi” əsərlərini dilçilik tariximizin incilərindən hesab etmək olar.

“Müəllifi olduğu sanballı əsərləri və yetişdirdiyi tələbələri ilə T.Hacıyev Azərbaycanda müasir dövrün dilçilik məktəbinin əsasını qoymuşdur” deyə bildirən məruzəçi alimin öz elmi-pedaqoji fəaliyyətinin böyük bir hissəsini də BDU-da yeni kadrların hazırlanmasına həsr etdiyini vurğuladı. T.Hacıyevin Azərbaycan dilinin tarixi ilə yanaşı, ədəbiyyat tariximizdə böyük xidmətlər göstərdiyini, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ərsəyə gəlməsində iştirak etdiyini diqqətə çatdırdı.

İsa Həbibbəyli bildirdi ki, AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri  akademik Tofiq Hacıyevin əsərlərinin yeddi cildliyinin çap olunması barədə qərar qəbul edib. Eyni zamanda, hazırda AMEA-da alimin həyat və yaradıcılığına həsr olunmuş kitab, monoqrafiya, məqalə toplusu da hazırlanır.

T.Hacıyevin 80 illik yubileyinin təşkilini akademikin parlaq xatirəsinə dərin ehtiramın ifadəsi kimi qiymətləndirən İ.Həbibbəyli alimin Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacağına əminliyini ifadə etdi.

Sonra Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, türk dünyasının görkəmli alimi, akademik Tofiq Hacıyev Azərbaycan dilçilik salnaməsinin ən böyük simalarından biri, türkologiyanın əvəzolunmaz dilçilərindən biridir. Məhsuldar elmi fəaliyyətə malik olan Tofiq Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında yenilikçi dilçi alim kimi tanınmış, Azərbaycan dilçilik elminin inkişafı tarixində əvəzsiz xidmətlər göstərmişdir. T.Hacıyevin elmi yaradıcılığında dil tarixi, ortaq türk dili və tərcümə məsələləri ilə bağlı tədqiqatları mühüm yer tutur.

Tədbirdə, həmçinin  Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim”,  Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Tofiq Hacıyev və “Kitabi-Dədə Qorqud”, professor Elbrus Əzizov “Görkəmli alim və böyük müəllim” adlı məruzələrlə çıxış etdilər, görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafındakı xidmətlərindən danışdılar.

Sonda çıxış edən alimin oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: